Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bankların ödədiyi haqların yığmının differensiallaşdırılmış risk siteminə keçməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə fondun icraçı direktoru Azad Cavadov deyib.
"Fond yeni Avropa təlimatlarına uyğun olaraq, qanunvericiliyə dəyişikliklər layihəsini hazırlayıb. Dəyişikliklər 18 maddəni əhatə edir. Bunlardan biri differensiallaşdırılmış risk siteminə keçiddir", - Cavadov bildirib.
Onun sözlərinə görə, haqların yığılmasının differensiallaşdırılmış risk sitemi yüksəkriskli banklara daha yüksək faiz ödəmələrinin tətbiq olunmasından ibarətdir.
"Ödəmələr 0,1-0,5 faiz arasında dəyişəcək. Fond tərəfindən bankların təsnifatı aparılacaq və onlar bu reytinqə əsasən göstərilən əmsala görə ödəmə edəcəklər. Riski böyük olan banklar, daha çox ödəyəcək", - Cavadov deyib.
Onun sözlərinə görə, ƏSF çoxdan bu sistemə keçmiş Qazaxıstanın təcrübəsini öyrənib. Ümumilikdə, artıq 35 ölkə bu sistemə keçib, çünki bu sistem daha ədalətli prinsiplərlə işləyir.
"Hazırda fond qanunvericiliyə dəyişikliklər barədə təklifləri Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırır, sonra müvafiq nazirliklərlə danışıqlar aparılacaq və təkliflər ölkə parlamentinə təqdim olunacaq", - Cavadov deyib.
ƏSF 2007-ci il 13 avqustda fəaliyyətə başlayıb.
Hazırda ölkədə fəaliyyət göstərən 44 bankdan 43-ü fondun üzvüdür. Bir bank isə Mərkəzi Bankın tələblərinə cavab verə bilmədiyi üçün məhdud lisenziya ilə fəaliyyət göstərir və əmanət qəbulu edə bilmir.