...

"Akkord" Korporasiyası beynəlxalq reytinq agentlikləri ilə ciddi əməkdaşlığa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 20:38 (UTC +04:00)
"Akkord" Korporasiyası beynəlxalq reytinq agentlikləri ilə ciddi əməkdaşlığa başlayıb.
"Akkord" Korporasiyası beynəlxalq reytinq agentlikləri ilə ciddi əməkdaşlığa başlayıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ölkə daxilində və xarici ölkələrdə icra etdiyi iri infrastruktur layihələri, həmçinin Korporasiyanın beynəlxalq idarəetmə standartlarına uyğunlaşdırılması istiqamətində apardığı intensiv işlərlə son iki il ərzində nüfuzlu beynəlxalq biznes təşkilatları, maliyyə qurumları, kütləvi informasiya vasitələrinin diqqət mərkəzinə daxil olub. Artıq Korporasiya illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına (BMHS) tam şəkildə uyğunlaşdırılmasına nail olub, beynəlxalq maliyyə qurumları və "ilk dördlüyə" daxil olan audit şirkətləri ilə səmərəli işbirliyinə, həmçinin "Fitch", "Moodys", "Standard & Poors" kimi reytinq agentlikləri ilə ciddi əməkdaşlığa başlayıb.

Bu gün dünya maliyyə bazarında böhran elementlərinin tam başa çatmadığı, investorlar və aparıcı maliyyə təşkilatlarının bazarda aktivliyinin azaldığı bir dövrdə Korporasiyanın ölkə daxilində və xaricdə həyata keçirdiyi uğurlu layihələr onu etibarlı və perspektivli strateji tərəfdaşa çevirib və onun investisiya cəlbediciliyinin artmasına səbəb olub. Bu üstünlüyü əldə edilən nailiyyətlərin artırılmasına yönəldən Korporasiya layihələrin reallaşdırılması işinə daxili maliyyə resursları ilə yanaşı, xarici maliyyə resurslarını da cəlb etməyə başlayıb.

Məlum olduğu kimi, "Akkord" Korporasiyasının ölkə daxilində icra etdiyi böyük həcmli layihələrdən biri regionda sement istehsalı üzrə liderə çevriləcək Qazax Sement Zavodunun tikintisi ilə bağlıdır. Zavodun tikintisi bu günədək Azərbaycan Beynəlxalq Bankından cəlb edilmiş maliyyə resursları və Korporasiyanın daxili vəsaitləri hesabına həyata keçirilib, tikinti işlərinin 65%-i başa çatdırılıb. İşlərin tamamlanması üçün qalan vəsaitin uzunmüddətli və aşağı faiz dərəcələri ilə olmaqla beynəlxalq maliyyə bazarından müasir maliyyə alətləri vasitəsilə cəlb olunması, həmçinin cəlb edilmiş vəsaitlərin strukturunun diversifikasiyası məqsədilə Korporasiya beynəlxalq investisiya təşkilatları ilə sıx əlaqələr qurub.

Bu məqsədlə "Akkord" Korporasiyası ATON Beynəlxalq İnvestisiya və Konsaltinq Şirkəti, "Deutsche Bank" və Azərbaycan Beynəlxalq Bankının iştirakı ilə kredit notlarının emissiyasını planlaşdırıb.

Sevindirici haldır ki, yalnız "A" reytinqli şirkətlərin beynəlxalq maliyyə vəsaitlərini cəlb etmək imkanına malik olduğu bugünkü şəraitdə "Akkord" Korporasiyasının atdığı bu addım tanınmış "Bloomberg" agentliyi tərəfindən də qeyd olunub. Agentliyin bu il sentyabr ayının 28-də yaydığı məlumatda dünya şirkətləri tərəfindən beynəlxalq maliyyə vəsaitlərinin cəlbi ilə əlaqədar 2,24 milyard dollar həcmində istiqraz emissiyasının edildiyi və bu şirkətlər arasında 100 milyon dollarlıq istiqraz emissiyası planlaşdıran "Akkord" Korporasiyasının da olduğu bildirilib.

Korporasiya tərəfindən atılan bu addım "Akkord"un 2010-2015-ci illər üçün strateji inkişaf planına uyğun bir layihəsidir və bu layihə haqqında informasiyanın dünyaca məşhur bir agentliyin vacib məlumatları sırasına daxil edilməsi öz-özlüyündə bir daha Korporasiyanın beynəlxalq arenada artan nüfuzundan xəbər verir.

Qeyd edək ki, sözügedən məlumatın yerli mətbuatda işıqlandırılması zamanı yol verilən tərcümə xətası və bəzi iqtisadi-maliyyə terminlərinin yanlış şərh edilməsi "Akkord" Korporasiyasının guya ki, Nyu-York Birjasında satışa çıxarılması ilə bağlı kökündən səhv bir fikrin formalaşmasına səbəb olub.

Bu yanlışlığı düzəltmək üçün aşağıda "Bloomberg" agentliyinin internet səhifəsində dərc olunmuş həmin məlumatın tərcüməsini, şərhini, həyata keçirilən əməliyyatın sadə dillə izahını və məlumatın mahiyyətinin düzgün anlaşılması üçün bəzi lazımi terminlərin izahını təqdim edirik:

Yerli mətbuat vasitələrində yayılan məlumat http://www.businessweek.com/news/2011- 09-28/akkord-industry-planning-100-million-bond-sale-new-issue-alert.html internet səhifəsində ingilis dilində yerləşdirilən məlumata istinadən verilib. Bu internet səhifəsində məlumat "Akkord Sənaye" 100 milyon dollarlıq istiqraz emissiyasını planlaşdırır" adı altında dərc olunub.

Həqiqətən də, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 100-150 milyon ABŞ dolları miqdarında (əslində, 150 milyon ABŞ dollarınadək) kredit notlarının yerləşdirilməsini planlaşdırır və bu istiqamətdə müvafiq iş aparılır. Yuxarıda göstərilən internet səhifəsində ingilis dilində verilən məlumatda qeyd edilib ki, "Bloomberg" tərəfindən tərtib edilmiş məlumatlara əsasən, ABŞ-da ümumi məbləği 2,24 milyard dollar olan istiqraz buraxılışını planlaşdıran emitentlər arasında Bakı, Azərbaycanda yerləşən mühəndis-tikinti şirkəti olan Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası da yer alıb". Başqa sözlə, 2,24 milyard ABŞ dolları dəyərində istiqrazların buraxılması təkcə "Akkord"a deyil, ümumilikdə həmin ərəfədə istiqrazlar buraxmaqla maliyyə vəsaiti cəlb etmək istəyən "emitentlərə" aiddir və bu məbləğin içərində "Akkord"un buraxılmasını planlaşdırdığı 100-150 milyon ABŞ dolları dəyərində olan kredit notları da var. Eyni zamanda, həmin internet səhifəsində "Məlumat göstərir ki, şirkətlər dünənki hərracda 8,69 milyard dollarlıq istiqraz satmışlar" qeyd edilib.

Bir daha qeyd edək ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən beynəlxalq maliyyə bazarlarında kredit notlarının buraxılması vasitəsi ilə cəlb ediləcək 100-150 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin əsasən, Korporasiyanın Qazax Sement Zavodunun tikintisinin başa çatdırılmasına yönəldilməsi planlaşdırılır. Belə ki, kredit notlarının buraxılması "aktivlərin satışa çıxarılmasına" yox, əksinə Korporasiyanın Azərbaycandakı aktivlərinin daha da artırılmasına, rəqabət qabiliyyətinin gücləndirilməsinə və ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının daha da möhkəmlənməsinə xidmət edir. Korporasiya haqqında məlumatın dünyaca məşhur "Bloomberg" agentliyinin xəbər bülletenində yer alması isə, "Akkord"un maliyyə şəffaflığı və korporativ idarəetmə standartlarına nail olmasının göstəricisidir. Heç bir halda istiqrazların satışı şirkət(d)ə mülkiyyət hüququnun ötürülməsi və ya satılması demək deyil.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin 100-150 milyon ABŞ dolları dəyərində kredit notlarının buraxılması layihəsi hər hansı bağlı qapılar arxasında olan sirr deyil və kommersiya məqsədləri ilə bağlı olduğuna görə, Korporasiya tərəfindən bunun təfərrüatı ilə rəsmi açıqlanmasının layihənin müvafiq mərhələsində həyata keçirilməsi planlaşdırılır.

Bu gün "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 19 infrastruktur layihəsi həyata keçirir ki, bunların 9-u Azərbaycandadır. Bütün infrastruktur layihələri üzrə müqavilələrin ümumi qiyməti ƏDV-siz 1,04 milyard manat təşkil edir. Korporasiya Azərbaycanda ümumi məbləği 380,5 milyon manat olan 9 layihə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Əfqanıstanda ümumi məbləği 659,5 milyon manat olan 10 layihə həyata keçirir. Korporasiyanın bütün layihələri üzrə işlərə 5000-ə yaxın işçi cəlb edilib.

Bütün bunlar, yerli və xarici layihələrin uğurlu icrası, beynəlxalq standartlara uyğun iş prinsiplərinin tətbiqində əldə edilən nailiyyətlər Korporasiya rəhbərliyi qarşısında daha ciddi strateji planların reallaşdırılması vəzifəsini qoyur. Artıq "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC dünyanın aparıcı reytinq agentlikləri ilə reytinqin alınması üçün danışıqlara başlayıb və bu ilin sonunadək beynəlxalq reytinqin alınması planlaşdırılıb.

Belə ki, "Akkord" Korporasiyasında biznes istiqamətlərinin, strateji planlaşdırmanın, korporativ idarəetmə və maliyyə hesabatlarının hazırlanması və açıqlanması təcrübələrinin, investisiya cəlbediciliyi və s. mühüm amillərin qiymətləndirilməsi və nəticə etibarı ilə müvafiq reytinqin verilməsi həyata keçiriləcək. Reytinqin alınması "Akkord" Korporasiyasında həm hazırki durumu obyektiv qiymətləndirmək, həm də təkmilləşdirilməsi tələb olunan sahələri müəyyən etmək imkanı verəcək. Bu əhəmiyyətli təşəbbüs Korporasiya üçün beynəlxalq bazarlara çıxış imkanlarını daha da genişləndirəcək və investorların, bankların və digər maraqlı şəxslərin ona olan etibarını gücləndirəcək.

Qeyd edək ki, "Akkord"un yaxın və uzaq region ölkələrində uğurla yerinə yetirdiyi bir çox irimiqyaslı layihələr artıq bir müddətdir ki, dünyanın nüfuzlu biznes təşkilatlarının ciddi marağına səbəb olub. Elə 2011-ci ildə Korporasiyanın layiq görüldüyü ali beynəlxalq mükafatlar da bunu bir daha təsdiq edir. Bu mükafatlardan biri Korporasiyaya baş qərargahı London şəhərində yerləşən və Avropanın biznes sahəsində araşdırmalar və tədqiqatlar aparan aparıcı biznes mərkəzlərindən biri - Avropa Biznes Assambleyası (ABA) tərəfindən verilib. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tarixi Oksford şəhərində keçirilən Liderlərin Oksford Sammitində ABA Nominasiya Komitəsinin qərarına əsasən, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" inşaat-tikinti sahəsində "İlin Lider Şirkəti" diplomuna layiq görülüb, Korporasiyanın rəhbərliyinə isə "Biznes sahəsində peşəkar nailiyyətlərə görə" diplom və "Ən yaxşı idarəetməyə görə" medal təqdim edilib.

Bundan başqa, daha bir ali mükafat Korporasiyaya Paris şəhərində, "Biznesin Liderləri Klubu" tərəfindən təsis edilən "Yeni minilliyin mükafatı"nın 23-cü təqdimat mərasimində verilib. Həmin tədbirdə "Akkord" Korporasiyası "Beynəlxalq İnşaat Mükafatı"na, eyni zamanda, "Biznes sahəsində liderliyə görə" qızıl medalına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti