...

Böyük Bakının inkişaf konsepsiyası gələn ilin ortalarına hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2011 19:56 (UTC +04:00)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "2030-cu ilədək Böyük Bakının inkişaf planı" layihəsi üzrə işləri gələn ilin ortalarına qədər yekunlaşdırmağı planlaşdırır.
Böyük Bakının inkişaf konsepsiyası gələn ilin ortalarına hazır olacaq

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, A.Axundov/

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "2030-cu ilədək Böyük Bakının inkişaf planı" layihəsi üzrə işləri gələn ilin ortalarına qədər yekunlaşdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

"Gələn ilin ortalarına biz Böyük Bakının inkişaf konsepsiyasını müəyyən edəcəyik, sonra isə layihənin razılaşdırılmasına başlanacaq. Gələn ilin sonuna qədər isə layihə təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq", - Dövlətxanov deyib.

"Böyük Bakıdan danışarkən, biz Bakının 11 rayonunu, Sumqayıt və Xırdalanla birlikdə və Abşeron rayonunu nəzərdə tuturuq. Bu təqribən 250 min hektar təşkil edir, halbuki 10 milyonluq Moskva 106 min hektar ərazini əhatə edir", - sədr müavini bildirib.

Onun sözlərinə görə, bu həftənin sonuna Komitə planın hazırlanması üzrə məsləhətçilərlə müqavilələr imzalayacaq.

"Bir müqavilə regional planın iqtisadi hissəsini hazırlamağa kömək edən amerikalı mütəxəssislərlə imzalanacaq, Böyük Bakı ərazisinin zonalaşdırılması üzrə işləri isə avropalı mütəxəssis yerinə yetirəcək. Biz gözləyirdik ki, bu xidmətlər bizə hər bir məsləhətçi üçün 200 min dollara başa gələcək, lakin birinci mütəxəssisin dəyəri 60 min dollar təşkil edib. İkinci mütəxəssislə müqavilənin dəyəri isə hələ dəqiqləşdirilməyib, lakin istənilən halda müqavilə biz gözlədiyimizdən iki dəfə ucuz olacaq", - Dövlətxanov bildirib.

Onun sözlərinə görə, Dövlət Layihələndirmə İnstitutu ilə də 1,4 milyon manatlıq (1,8 milyon dollar) müqavilə bağlanıb.

"Böyük Bakının inkişaf planının hazırlanması üzrə məsləhətçi xidmətləri paketinə ümumilikdə beş milyon dollar ayrılıb ki, bunun da dörd milyonu Dünya Bankı tərəfindən, təxminən bir milyonu isə hökumət tərəfindən ayrılıb", - Dövlətxanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti