...

Azərbaycanda havanın pisləşməsi ilə bağlı avtomobillərin qəza sığortası hallarının sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2011 16:25 (UTC +04:00)
Son iki gündə Azərbaycanda hava şəraitinin pisləşməsi, xüsusilə yol qəzaları səbəbilə, sığorta hallarının artmasına gətirib çıxarıb.
Azərbaycanda havanın pisləşməsi ilə bağlı avtomobillərin qəza sığortası hallarının sayı artıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.Xəlilova/

Son iki gündə Azərbaycanda hava şəraitinin pisləşməsi, xüsusilə yol qəzaları səbəbilə, sığorta hallarının artmasına gətirib çıxarıb.

Anomal hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin sığortası üzrə gündə 10-13 hadisə qeydə alına bilər. Bu barədə bir neçə sığorta şirkətindən qeyd edilib. Sığortalılar hadisə ilə əlaqədar şirkətə dərhal məlumat vermədiklərindən, sığorta hallarının sayı barədə əvvəlcədən dəqiq məlumat vermək mümkün olmur. Yol qəzaları ilə yanaşı, paytaxtda güclü küləyin əsməsi səbəbindən də avtomobillərə ziyan dəyən bilər.

Sığorta ödəmələrinə həmçinin ağacların aşması riski də daxildir.

Noyabrın 7-də Beynəlxalq Sığorta Şirkətində qeydə alınan dörd hadisə ağacların aşması nəticəsində avtomobillərə zərər dəyməsi ilə əlaqədardır.

"Ata Sigorta" şirkətindən Trend-ə verilən məlumata görə, noyabrın 6-7-də yağışlı və qarlı hava şəraiti ilə əlaqədar artıq 11 hal qeydə alınıb, o cümlədən 3 hal bazar günü Bakıda yol qəzaları ilə bağlı olub. Bazar ertəsi isə Bakı (6 hal), Şamaxı və Qubada olmaqla, 8 hal qeydə alınıb. Bununla yanaşı, paytaxtda üç sığorta halı ağacların aşması ilə bağlı olub.

"Standard Insurance" şirkətindən bazar ertəsi Trend-ə bildirilib ki, bazar ertəsi 5 sığorta halı qeydə alınıb. Bunlardan üçü ağacların aşması, 2-si isə yol qəzaları ilə əlaqədar olub. Bazar günü isə şirkətə Bakıda bir yol qəzası ilə bağlı müraciət daxil olub.

"Temz Sığorta Qrupu"nda dörd yol qəzası hadisəsi, "Xalq Sığorta"da iki (noyabrın 6-da Bakıda, 7-də Siyəzəndə) hal, "AzSığorta"da isə Bakı üzrə bir hal qeydə alınıb.

Bir sıra şirkətlərdən - Mega Sığorta, Başak İnam, Günay Sığorta - sığorta hallarının qeydə alınmadığı bildirilir. Lakin bu və digər şirkətlər üzrə yekun məlumatlar bayram günlərindən sonra veriləcək.

Azərbaycanda Qurban bayramı və Bayraq Günü ilə əlaqədar 7-9 noyabr qeyri-iş günüdür.

Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.

Bazar ertəsi səhər Bakıya ilk qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında bazar günündən başlayan anomal kəskin soyuq hava şəraiti noyabrın 7-də davam edəcək. Fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü Şimal-qərb küləyi əsəcək. Temperaturun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 8-də yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Temperaturun gecə 0-2 dərəcə, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 9-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Temperatur gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

Baş Dövlət Yol Polisi yağmurlu və qarlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend-ə bildirilib ki, sürücülər qarlı, yağışlı və dumanlı havalarda sürət həddini meteoroloji şəraitə uyğun seçməli, günün qaranlıq vaxtı xüsusilə diqqətli olmalıdırlar.

İdarə piyadalara yağmurlu havalarda yolun hərəkət hissəsinə çıxmamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti