...

Bakıda CAREC proqramı çərçivəsində yüksək səviyyədə iclas keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir N.İsmayılova/

Bu gün Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) X yubiley Nazirlər Konfransı ərəfəsində yüksək vəzifəli şəxslərin iştirakı ilə keçirilən iclas çərçivəsində bir sıra sənədlər müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev çərşənbə axşamı iclasın açılışında deyib.

"Bu il çox məhsuldar oldu. Belə ki, bu il ərzində CAREC Əlaqələndirmə Şurasının, biri yüksək vəzifəli şəxslərin iştirakı ilə olmaqla, dörd iclası keçirildi və bir sıra rəsmi görüşlər oldu", - Vəliyev deyib.

Onun sözlərinə görə, bu iclas çərçivəsində daha sonra yekun təsdiqlənmə üçün çərşənbə günü Bakıda keçiriləcək CAREC-in X yubiley Nazirlər Konfransına təqdim olunmaq üçün bir sıra sənədlər müzakirə olunacaq.

AİB-nin Şərqi Asiya Departamentinin baş direktoru Klaus Gerhauserin sözlərinə görə, iclasda aşağıdakı məsələlər müzakirə olunacaq: "CAREC 2020" strategiyasının yekun versiyası, prioritet layihələrin siyahısı, əsas sektorlardakı layihələrin icmalı, habelə Katibliyin hazırladığı Fəaliyyət Planı.

CAREC proqramı layihəsində bütün region üzrə həyat şəraitinin yaxşılaşdırılması üçün enerji, ticarət və nəqliyyat sektorlarına 17 milyard dollar vəsait qoyulub. 2002-ci ildə CAREC proqramına üzv olduqdan bəri Azərbaycan bütün regionda insanların həyatının yaxşılaşdırılmasına kömək edən CAREC layihələrinə 3 milyard dollara yaxın sərmayə qoyub.

Konfransda növbəti 10 il üçün "CAREC 2020" strategiyasına start veriləcək. Yeni strategiya ölkələrə qlobal iqtisadiyyat çərçivəsində ticarəti genişləndirməyə və rəqabətə davamlılığı artırmağa kömək edəcək və Mərkəzi Asiyanı regional ticarətin mərkəzi kimi təqdim edəcək.

Növbəti 10 il üçün CAREC layihələrinin maliyyələşdirilməsi məsələsi Yaponiya, ABŞ, Böyük Britaniya və digər ölkələrdən olan donor agentliklərinin nümayəndələri tərəfindən İnkişaf Tərəfdaşları Forumunda müzakirə ediləcək.

CAREC proqramının üzvləri Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistandır. CAREC-in fəaliyyətini altı beynəlxalq qurum dəstəkləyir: Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı.

AİB 2001-ci ildən CAREC-in Katibliyi kimi xidmət göstərib.

Xəbər lenti

Xəbər lenti