Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir A.Axundov/
Azərbaycan hökuməti öz iqtisadiyyatının modernləşdirilməsinin beş əsas istiqamətini müəyyən edib. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransda deyib.
"Azərbaycanın innovativ inkişafı, ilk növbədə, Azərbaycan şirkətlərinin müasir texnologiyalara yiyələnməsi, yeni rəqabətədavamlı məhsulların istehsalının təmin olunması və ixrac bazarlarının genişlənməsini göstərir. Belə ki, sənayedə müasir texnologiyaların tətbiqi ilə yeni məhsullsrın istehsalı 2007-ci illə müqayisədə beş dəfə artıb", - Mustafayev deyib.
Onun sözlərinə görə, ikinci istiqamət dinamik inkişaf edən bazar institutlarının möhkəmləndirilməsi və rəqabətin təmin olunmasıdır.
"Bu, sahibkarlığın inkişafı və ölkə iqtisadiyyatına investitiyaların cəlb edilməsi baxımından ölkənin iqtisadi siyasətinin mühüm elementlərindən biridir", - Mustafayev qeyd edib.
Nazirin sözlərinə görə, üçüncüsü, milli iqtisadiyyatın diversifikasiyasını davam etdirmək, müasir texnologiyaların tətbiqi ilə son məhsulun istehsalını genişləndirmək, emal sənayesinin və "iqtisadi biliklərin" rəqabətədavamlılığını artırmaqdır.
"Bu gün innovativ inkişafın stimullaşdırılması məqsədilə innovativ fəaliyyətin hüquqi və iqtisadi əsaslarının təkmilləşdirilməsi üzrə işlər davam etdirilir ki, bu da modernləşdirmə siyasətinin mühüm elementlərindən biridir", - Mustafayev deyib.
Dördüncü istiqamət yeni keyfiyyətli insan kapitalına nail olunması, kadrların hazırlanmasının iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasıdır.
"Bunu nəzərə alaraq, hazırda ölkədə təhsilin forma və məzmununu yenilənməsi üzrə tədbirlər davam etdirilir", - Mustafayev bildirib.
Nazirin sözlərinə görə, iqtisadiyyatın modernləşdirilməsinin sonuncu, beşinci istiqaməti iqtisadi artımın yeni mənbələrinin yaradılması üzrə işlərin davam etdirilməsidir.
"Bu baxımdan ölkənin tranzit potensialının artıran Bakı-Tbilisi-Qars dəmir yolunun və Beynəlxalq Dəniz Ticarət Limanının, eləcə də sanaye şəhərciklərinin, gəmiqayırma zavodunun, üç sement zavodunun, başqa yeni istehsal və emal müəssisələrinin tikintisi vacibdir", - Mustafayev qeyd edib.
Çərşənbə günü Bakıda "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda dörd qitədən 33 ölkədən, eləcə də Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və digərləri kimi nüfuzlu dövlətlərdən 60-dan artıq nümayəndə iştirak edir.
Hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd bütün bu problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir.