...

"Akkord"un jurnalistlər üçün təşkil etdiyi treninq kursu başa çatdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2011 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin iqtisadiyyat mövzusunda yazan KİV nümayəndələri üçün təşkil etdiyi "Maliyyə və iqtisadiyyat təlimi" adlı treninq-seminar başa çatıb.

ASC-dən cümə axşamı Trend-ə verilən məlumata görə, dekabrın 28-də təşkil olunmuş mərasimdə treninqdə iştirak etmiş KİV nümayəndələri ilə yekun görüş keçirilib. Mərasimdə korporasiyasının idarə heyətinin üzvləri Xəyal Məmmədxanlı və Samir Qasımov, İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Afaq Quliyeva iştirak ediblər. Tədbirdə çıxış edən Məmmədxanlı treninqin bütün iştirakçılarını korporasiyanın baş direktoru Xaqani Quluzadənin adından salamlayıb və bu əhəmiyyətli tədbirə qoşulan jurnalistlərə minnətdarlığını bildirib.

Treninqin əsas məqsədinin jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına yönəldiyini vurğulayan Məmmədxanlı, bunun da son nəticədə milli mediamızın inkişafı üçün çalışan hər kəsin, o cümlədən fəaliyyətləri barədə informasiyaların ictimaiyyətə səhvsiz çatdırılmasını istəyən milli şirkətlərin marağına xidmət etdiyini diqqətə çatdırıb. Bundan sonra Məmmədxanlı treninqdə iştirak etmiş 30-a yaxın iştirakçıya müvafiq sertifikatları və korporasiyanın hədiyyələrini təqdim edib. Sonda Quliyeva bütün iştirakçıları uğurla yekunlaşan treninq münasibətilə təbrik edib və milli mətbuatımızın inkişafına xidmət edən belə tədbirlərin gələcəkdə də keçiriləcəyini bildirib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin iqtisadiyyat mövzusunda yazan KİV nümayəndələri üçün təşkil etdiyi "Maliyyə və iqtisadiyyat təlimi" adlı treninq 19-26 dekabr tarixlərini əhatə edib. Jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədini daşıyan treninqə mühazirəçi qismində dünya şöhrətli "PriceWaterhouseCoopers" audit və konsaltinq şirkətinin baş meneceri Elçin İbadov cəlb edilib. Audit və konsaltinq sahəsində dünyanın "Böyük dördlük" şirkətlərinin sırasına daxil olan PWC-nin tədris bazası əsasında keçirilən treninqdə iştirak edən bütün jurnalistlər tədbirin yüksək faydasını xüsusilə qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti