...

Azərbaycanda sovet əmanətlərinin qaytarılması ciddi inflyasiyaya gətirib çıxarmayacaq - deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2012 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanda sovet əmanətlərinin qaytarılması nəticəsində inflyasiyanın ciddi artımının qarşısını almaq üçün təzminatların ödənişi zamanı ölkədəki makroiqtisadi sabitliyə və maliyyə-bank sisteminin davamlılığına mənfi təsir göstərməyəcək metodlardan istifadə olunacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib.

Əhalinin əmanətlərinin qaytarılmasına dair qanun layihəsi artıq parlament komitəsi tərəfindən hazırlanıb.

Onun sözlərinə görə, əhalinin 1992-ci il yanvarın 1-dək Azərbaycan SSR-in Əmanət Bankındakı əmanətlərinin qaytarılması üçün 1,9 milyard manat (təxminən 2,4 milyard dollar) tələb olunur. Əmanətlərin qaytarılması 2 milyona yaxın əmanətçini əhatə edir ki, bunun üçün 1,9 milyard manat vəsait tələb olunur. Kompensasiyaların ödənilməsi üç mərhələdə həyata keçiriləcək və altı il vaxt aparacaq.

"Təzminat ödənilən müddətdə hər il orta hesabla dövriyyəyə əlavə olaraq 300 milyon manat (bəlkə də daha az) əlavə pul vəsaiti daxil ola bilər. Həmin məbləğ Azərbaycanın sürətlə artmağa başlayan valyuta ehtiyatlarının illik artımının cəmi 1,7%-i qədərdir. Bu məbləğ əhalinin 2010-cu ildəki pul xərclərinin cəmi 1,5%-i, ölkənin pərakəndə əmtəə dövriyyəsinin 1,6%-i səviyyəsində, dövriyyədə olan pul kütləsinin 2%-dən aşağı olduğundan, ciddi inflyasiya mənbəyi ola bilməz", - Məsimli deyib.

Onun sözlərinə görə, əmanətlərini 2-ci və 3-cü mərhələdə alanların əlinə çatacaq pul vəsaitinin 2-ci mərhələdə əmanətləri alanlarla müqayisədə inflyasiyaya məruz qalacağına gəldikdə, layihədə bunun qarşısını almaqdan ötrü layihənin ikinci ilindən başlamaq şərtilə əmanətlərin hər il inflyasiyaya uyğun indeksləşdirilməsi nəzərdə tutulub.

İlk növbədə, daha yaşlı sakinlərin, həmçinin bu pullara daha çox ehtiyac duyan əmənatçilərin vəsaitləri indeksasiya ediləcək. İki il çəkəcək birinci mərhələnin birinci ilində şəhid ailələrinin, müharibə əlillərinin, birinci qrup əlillərin və 1935-ci ilə qədər anadan olan əmanətçilərin vəsaitlərinin indeksasiya edilməsi nəzərdə tutulur. Birinci mərhələnin ikinci ilində isə Qarabağ müharibəsi iştirakçılarına, 1940-cı ilə qədər anadan olan əmanətçilərə təzminat ödənilməsi planlaşdırılır.

İkinci mərhələnin birinci ilində 1945-ci ilə qədər anadan olanlara, ikinci ilində isə 1950-ci ilə qədər anadan olanlara və əvvəlki illər də daxil olmaqla onların varislərinə əmanətlərin qaytarılması nəzərdə tutulur. İki il çəkəcək üçüncü mərhələnin birinci ilində 1950-ci ildən sonra anadan olanların və onların varislərinin vəsaitləri qaytarılmalıdır.

"Sonuncu kateqoriya kiçikdir, ona görə də onların qaytarılması bir ildən az vaxt tələb edəcək", - Məsimli deyib.

Məsimlinin fikrincə, itmiş əmanət kitabçalarına ayrıca bir ilin ayrılması vacibdir, çünki hər 10 əmanətçinin ikisinin əmanət kitabçası ilə bağlı problem ola bilər. Ona görə də indeksasiyanın son ilində müvafiq komissiyalar tərəfindən araşdırmalardan sonra əmanət kitabçası itmiş, əmanət kitabçası almamış və digər səbəblər üzündən qanunvericilikdə müəyyən olunmuş təzminatı ala bilməyən əmanətçilərə və onların varislərinə əmanətlərin qaytarılması nəzərdə tutulur.

"Bu, vaxt tələb edir, çünki belə problemə hər on əmanətçidən ikisi malik ola bilər. Onlar haqqında məlumat qanunun qüvvəyə mindiyi dövrün əvvəllərində toplanacaq, ödənişlər isə prosesin lap sonunda həyata keçiriləcək", - Məsimli deyib.

Yanvarın 24-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti