Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir N.İsmayılova /
2012-ci il fevralın 1-dən Azərbaycanda vergi terminalları bazasında vergiödəyicilərə xidmət mərkəzlərinin yaradılması prosesinə başlanılır. Trend-in məlumatına görə, bu barədə "Vergilər" qəzetində çap olunmuş məqalədə deyilir.
Məlumata görə, bu, əhaliyə göstərilən xidmətlərin, o cümlədən elektron xidmətlərin əhatəsini genişləndirəcək, eləcə də kompyuter terminallarının fəaliyyətinin effektivliyini artıracaq.
Bununla əlaqədar bir ay ərzində xidmət mərkəzlərinin fəaliyyətini tənzimləyəcək sənədlər hazırlanacaq. Mərkəzlərdə elektron və digər xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılacaq.
Mərkəzlərin normal fəaliyyətinin təmin edilməsi üçün mərkəzlərin işçilərinin optimal sayı üzrə təklif hazırlanacaq.
Bu gün ölkədə 30 terminal fəaliyyət göstərir. 2013-cü ilədək onların sayının 55-ə çatdırılması planlaşdırılır. Onlardan beşi Bakıda, ikisi Sumqayıtda və Gəncədə, 46-sı isə digər rayonlarda fəaliyyət göstərəcək. Nazirlik 2012-ci ildə 12, 2013-cü ildə isə on terminal açmağı planlaşdırır.
Həmin terminallar vasitəsilə vergiödəyicilər vergi orqanları ilə elektron sənəd dövriyyəsi apara, bəyannamələri və digər hesabat sənədlərini düzgün tərtib edə və bununla əlaqədar lazımi izahat ala bilərlər. Habelə terminallarda vergiödəyicilərin şəxsi vərəqlərindəki məlumatlara baxmaq imkanı da yaradılıb.