...

Gəncədə şərab məhsullarının istehsalının artırılması ilə bağlı tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2012 14:55 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şənbə günü "Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli şərab məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilib.
Gəncədə şərab məhsullarının istehsalının artırılması ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şənbə günü "Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: rəqabətqabiliyyətli şərab məhsullarının istehsalının artırılması" mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev Gəncədə sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirib. Gəncə və ətraf rayonlarda şərabçılıq təsərrüfatlarının daha da genişləndirilməsi və müasir şərab emalı müəssisələrinin yaradılması üçün münbit təbii şəraitlə yanaşı, əlverişli sahibkarlıq mühitinin olduğu qeyd edilib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev bildirib ki, qeyri-neft sektorunun inkişafı sürətlənib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib, regionlarda yeni iş yerləri və müəssisələr yaradılıb. Son 8 ildə ÜDM 3 dəfə, qeyri-neft sektoru 2,2 dəfə, ixrac 10,3 dəfə artıb, yoxsulluq səviyyəsi isə 5,9 dəfə azalıb. Bildirilib ki, şərabçılığın stimullaşdırılması, istehsal olunacaq məhsulların ənənəvi və yeni bazarlara çıxarılmasında sahibkarlara dövlət dəstəyinin göstərilməsi, iş adamlarının bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi bundan sonra da davam etdiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu sahənin inkişaf perspektivləri, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, rəqabət qabiliyətliliyinin artırılması, məhsulların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması barədə məlumat verib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmlərindən geniş bəhs edib, ölkənin dinamik iqtisadi inkişafında sahibkarların yaxından iştirak etdiyini vurğulayıb.

Tədbirdə, həmçinin Milli Elmlər Akademiyasının, İqtisadi İnkişaf Nazirliyinin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı, Regionların inkişafı və dövlət proqramları şöbələrinin, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) nümayəndələri və şərabçılıqla məşğul olan sahibkarlar iştirak edib.

Xəbər lenti

Xəbər lenti