Azərbaycan, Bakı, 9 mart / Trend, müxbir A.Axundov/
Azərbaycan hökuməti Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2012-2013-cü illər üçün üçtərəfli Baş Kollektiv Sazişi təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin cümə günü yaydığı məlumatda deyilir.
Baş Kollektiv Saziş imzalandığı gündən, yəni 2012-ci il fevralın 6-dan qüvvəyə minib. Sazişi Baş nazir Artur Rasizadə, Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev imzalayıblar.
Saziş mövcud beynəlxalq və ölkə qanunvericiliyinə əsaslanaraq, sosial-iqtisadi siyasət və sosial-əmək münasibətləri üzrə 2012-2013-cü illər üçün razılaşdırılmış mövqeləri və birgə fəaliyyətləri müəyyən edir.
Tərəflər hesab edirlər ki, saziş bağlanılan müddətdə ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə, onun rəqabət qabiliyyətinin artırılmasına, əmək məhsuldarlığının yüksəldilməsinə, stabil məşğulluğa və əmək bazarının səmərəli infrastrukturunun inkişafına, iş yerlərinin təhlükəsizliyinə kömək edəcək şəraitin yaradılmasına, işçilərin və onların ailələrinin yaşayışının keyfiyyətinin artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına, sosial sabitliyin qorunub saxlanılmasına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənən sosial-iqtisadi siyasətin həyata keçirilməsi Sazişin prioritet məqsədini təşkil edir.
Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlığının istehsalatın modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması əsasında təmin edilməsinə yönəldilməlidir.
Tərəflər iqtisadiyyatın bütün sahələrində ümumi daxili məhsulun aşağıda qeyd olunan real artım göstəricilərini təmin etməyi zəruri hesab edirlər:
- 2012-ci ildə 5,7 faiz, 2013-cü ildə 5,1 faiz, o cümlədən sənaye istehsalında müvafiq olaraq 1,9 faiz və 1,4 faiz;
- kənd, meşə və balıqçılıq təsərrüfatında 7,1 faiz və 4,4 faiz, o cümlədən pərakəndə əmtəə dövriyyəsi 7,7 faiz və 7,8 faiz;
- əhalinin pul gəlirləri 6,8 faiz və 8 faiz.