...

Artur Rasizadə: Azərbaycan hökuməti 2011-ci ildə qarşıya qoyulan məqsədlərə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 13:59 (UTC +04:00)
2011-ci ildə Azərbaycan hökuməti qarşısında qoyulan məqsədlərə çatılıb.
Artur Rasizadə: Azərbaycan hökuməti 2011-ci ildə qarşıya qoyulan məqsədlərə çatıb

Azərbaycan, Bakı, 16 mart /Trend müxbir A. Axundov/

2011-ci ildə Azərbaycan hökuməti qarşısında qoyulan məqsədlərə çatılıb. Trend-in məlumatına görə, bunu cümə günü Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Milli Məclisin plenar iclasında Baş nazir Artur Rasizadə bildirib.

"Prezident İlham Əliyevin 2011-ci ildə ölkə hökuməti qarşısında qoyduğu əsas tapşırıqlar makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ərzaq və enerji təhlükəsizliyinin təminatı, hərbi qüvvələrin və müdafiə sənayesi kompleksinin gücləndirilməsi, insan kapitalı səviyyəsinin ardıcıl yüksəldilməsi olub", - Rasizadə deyib.

Onun sözlərinə görə, bu tapşırıqları yerinə yetirmək üçün hökumət sabit sosial-iqtisadi tərəqqini təmin edən kompleks tədbirlər görüb. Baş nazir deyib ki, bu tədbirlər nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunub və iqtisadiyyatın modernləşdirilməsi kursu öz bəhrəsini verib.

Onun sözlərinə görə, ümumilikdə 2011-ci ildə həyata keçirilən düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verdi, Azərbaycan iqtisadiyyatı 2003-cü illə müqayisədə dəfələrlə artdı və keyfiyyətcə digər səviyyəyə çatdı.

"Bu illərdə ölkə ÜDM-i 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,9 dəfə, investisiya ümumilikdə 5 dəfə, o cümlədən qeyri-neft sahələri üzrə 14,1 dəfə, əhalinin real gəlirləri 2,6 dəfə artıb, bir milyondan artıq yeni iş yeri açılıb, əhalinin həyat səviyyəsi yaxşılaşıb, yoxsulluq səviyyəsi 5,3 dəfə azalıb", - Rasizadə qeyd edib.

Onun sözlərinə görə, qlobal iqtisadi böhranın davam etməsinə baxmayaraq, nüfuzlu beynəlxalq reytinq institutları ölkədə əldə edilən uğurları yüksək qiymətləndiriblər.

"Onlar xüsusən iqtisadi və maliyyə siyasətinin düzgün aparılmasını, valyuta ehtiyatlarının yüksək səviyyəsini və bu ehtiyatların xarici borcu dəfələrlə üstələməsini, neft gəlirlərinin səmərəli istifadəsini qeyd ediblər. Bu strukturların rəyinə əsasən, Azərbaycan 2011-ci ildə insan inkişafının yüksək səviyyədə olduğu ölkələr arasında öz yerini möhkəmləndirib", - Rasizadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti