Azərbaycan, Bakı, 4 may /Trend, müxbir S.Ağayeva /
Mayın sonunadək Azərbaycan-Macarıstan iqtisadi münasibətlərinə təkan vermək məqsədilə Bakıda Macarıstan Ticarət Evi açılacaq. Bu barədə cümə günü Trend-ə bu ölkənin hökumətindən məlumat verilib.
Bir müddət əvvəl Macarıstan kiçik və orta sahibkarlığı dəstəkləmək məqsədilə ticarət evinin yaradılması layihəsinin reallaşdırılmasına başlamaq niyyətinı açıqlamışdı. Bu barədə 2011-ci il noyabrın 11-də Macarıstan Prezidenti Pal Şmittin Azərbaycana səfəri çərçivəsində Bakıda keçirilən ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın ikinci iclasında bildirilmişdi.
Bu layihənin ilk addımı pilot layihə kimi Azərbaycanda ticarət evinin yaradılmasıdır. Azərbaycan tərəfi habelə bu layihənin reallaşdırılmasına dəstək göstərməyə hazır olduğunu bəyan edib.
Ticarət evinin açılması mərasimi Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi Roza Nadın Azərbaycana səfəri çərçivəsində keçiriləcək.