Azərbaycan, Bakı, 17 may /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakının Binəqədi, Səbail, Xətai rayonlarında, eləcə də Gəncə, Mingəçevir, Xırdalan, Şəmkir, Tovuz, Göyçay, Qusar, Balakən şəhərlərində aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 440 kq yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.