...

Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı arasında kredit sazişi imzalanacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2012 17:59 (UTC +04:00)
"Azərsu" ASC-də İslam İnkişaf Bankının (İİB) Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşü keçirilib.
Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı arasında kredit sazişi imzalanacaq (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

"Azərsu" ASC-də İslam İnkişaf Bankının (İİB) Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşü keçirilib.

ASC-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüşdə İİB ilə "Azərsu" arasında 6 rayonda - Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə maliyyələşmə məsələləri müzakirə edilib.

"Azərsu" ASC-nin xarici sərmayələr üzrə sədr müavini İlqar Tağıyev İslam İnkişaf Bankının Azərbaycanda həyata keçirilən investisiya layihələrində yaxından iştirakını xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında bankın əməkdaşlığını yüksək qiymətləndirib.

Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankının nümayəndə heyətinin rəhbəri Papa Sy təmsil etdiyi qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstək verməkdə maraqlı olduqlarını bildirib.

Qeyd edək ki, keçirilən görüşlərdə kredit sazişinin şərtləri razılaşdırılacaq və səfərin sonunda Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı arasında kredit sazişi imzalanacaq. Layihəyə əsasən, Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında ümumilikdə 320 min nəfər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək, həmin şəhərlərin kanalizasiya sistemləri yenidən qurulacaq.

İşlərin qısa müddətdə icra olunması üçün "Azərsu" ASC kreditin ayrılmasını gözləməyərək İslam Bankının razılığı ilə Azərbaycan hökumətinin vəsaiti hesabına həmin şəhərlər üzrə layihə işlərini həyata keçirib. Bu layihənin icrası əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaqla yanaşı, 7 minə qədər yeni iş yerinin açılmasına imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti