...

Samir Şərifov: Azərbaycanda xəzinədar təşkilatlarının xərcləri tamamilə nağdsız formaya keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2012 10:41 (UTC +04:00)
2012-ci ilin iyul ayından Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində xəzinə xidməti göstərilən təşkilatların xərcləri yalnız nağdsız qaydada aparılır.
Samir Şərifov: Azərbaycanda xəzinədar təşkilatlarının xərcləri tamamilə nağdsız formaya keçirilib

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Axundov/

2012-ci ilin iyul ayından Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində xəzinə xidməti göstərilən təşkilatların xərcləri yalnız nağdsız qaydada aparılır. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.

"Bununla bağlı büdcə və büdcədənkənar xərclərin aparılması üçün əməkhaqqı, müavinət, pensiya, təqaüd və sair sosial ödənişlər üzrə fiziki şəxslər tərəfindən istifadə olunan plastik kartlarla bərabər hüquqi şəxslərə verilən korporativ kartların geniş tətbiqi nəzərdə tutulur", - Şərifov bildirib.

Onun sözlərinə görə, bu ilin altı ayında dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə 61 milyon manat yönəldilib.

"Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına 35 milyon, damazlıq heyvanların alınmasına 10 milyon, lizinq xidmətlərinə 33 milyon, fermerlərə kreditlərin verilməsinə 8 milyon, sahibkarlığın inkişafına 110 milyon manat vəsait yönəldilib", - Şərifov qeyd edib.

Nazir deyib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstəklənən investisiya layihələrinin sayı ötən illə müqayisədə 57,1 faiz, verilən güzəştli kreditlərin məbləği isə 53 faiz artıb. Azərbaycanda sığorta bazarının məcmu aktivləri iki dəfə, sığorta şirkətlərinin məcmu nizamnamə kapitalı isə 3,3 dəfə çoxalıb",- Şərifov bildirib.

Xəbər lenti

Xəbər lenti