...

Azərbaycan və SECO bir sıra layihələrin həyata keçirilməsinin gedişini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2012 12:04 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan və SECO bir sıra layihələrin həyata keçirilməsinin gedişini müzakirə ediblər

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti ilə görüş keçirilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, görüşdə iştirak edən QKDK sədri Rüfət Aslanlı Dünya Bankı və SECO tərəfindən dəstəklənən "Kapital bazarının müasirləşdirilməsi" layihəsinin ölkənin maliyyə bazarında əhəmiyyətli yer tutduğunu bildirib.

SECO-nun Makroiqtisadi siyasət məsələləri üzrə şöbə müdiri xanım Monika Rubiolo İsveçrə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə yüksək səviyyədə qurulduğunu, o cümlədən kapital bazarının inkişaf etdirilməsində layihənin uğur qazanacağına əminliyini ifadə edib.

Görüşdə layihənin effektiv icrası ilə bağlı potensialın artırılması, idarəetmə mexanizmlərinin tətbiqi və əməkdaşlıq perspektivləri istiqamətində geniş müzakirələr aparılıb.

Monika Rubiolonun başçılıq etdiyi nümayəndə heyətini, həmçinin, Hesablama Palatasının sədri Heydər Əsədov qəbul edib.

Palatadan Trend-ə verilən məlumata görə, görüş, əsasən, İsveçrə Konfederasiyası hökumətinin qrantı hesabına maliyyələşdirilən və Dünya Bankının idarəçiliyi ilə həyata keçirilən Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsinin (CAPSAP) gedişi ilə bağlı məsələlərin müzakirəsinə həsr edilib.

Nümayəndə heyətinə layihə çərçivəsində Palata tərəfindən həyata keçirilmiş tədbirlər, o cümlədən satınalma prosedurunun cari vəziyyəti barədə məlumat verilib. Layihənin məqsədlərinə çatmaq üçün yüksək ixtisaslı məsləhətçilərin cəlb olunmasının ən vacib məsələ olması hər iki tərəfdən xüsusi vurğulanıb, bu sahədə göstərilən səylərin bundan sonra da davam etdirilməsi barədə razılığa gəlinib.

Görüşdə CAPSAP layihəsinin gedişi ilə yanaşı, iqtisadi əlaqələrin inkişaf perspektivləri, iki qurum arasında əməkdaşlığın gələcək potensial sahələri müzakirə edilib, həmçinin, ümumilikdə SECO-nun Azərbaycanla bağlı portfelinə dair məhsuldar fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti