...

Azərbaycan BVF və Dünya Bankı ilə ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 17:52 (UTC +04:00)
Oktyabrın 12-14-də Yaponiyanın Tokyo şəhərində Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının 67-ci illik iclası keçirilib.
Azərbaycan BVF və Dünya Bankı ilə ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müzakirə edib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Oktyabrın 12-14-də Yaponiyanın Tokyo şəhərində Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının 67-ci illik iclası keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 188 ölkənin iqtisadiyyat və maliyyə nazirləri, Mərkəzi Bank rəhbərlərinin iştirak etdiyi toplantıda qlobal iqtisadi inkişaf, avro bölgəsində davam edən borc böhranı və digər ölkələrə təsirləri, işsizliyin və yoxsulluğun azaldılması kimi mövzular ətrafında müzakirələr aparılıb. Təxminən 20 min nəfərin qatıldığı yığıncaqlarda Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İclasın açılış mərasimində çıxış edən Yaponiya vəliəhdi, şahzadə Naruhito ötən il Yaponiyada baş vermiş zəlzələ və sunaminin fəsadlarının aradan qaldırılmasında göstərdiyi dəstəyə görə beynəlxalq ictimaiyyətə minnətdarlığını bildirib, BVF və Dünya Bankının qlobal iqtisadi inkişaf, beynəlxalq maliyyə sabitliyinin qorunması, yoxsulluğa qarşı mübarizədə bundan sonra da səylərini davam etdirəcəyinə əminliyini ifadə edib.

BVF-in idarəedici direktoru Kristin Laqard, Dünya Bankının yeni təyin olunmuş prezidenti Cim En Kim və digərləri qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, qarşıda duran məqsədlər barədə çıxışlar ediblər.

İllik iclas çərçivəsində Azərbaycan nümayəndə heyəti BVF və Dünya Bankının rəsmiləri ilə bir sıra işgüzar görüşlər keçirib, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti