...

İƏT ölkələrinin kənd təsərrüfatı nazirlərinin V iclasında Antalya Bəyannaməsi qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 16:35 (UTC +04:00)
Bu gün Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT - ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 5-ci iclası keçirilib. Nazirlərin 5-ci iclasını giriş sözü ilə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker açıb.
İƏT ölkələrinin kənd təsərrüfatı nazirlərinin V iclasında Antalya Bəyannaməsi qəbul edilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Bu gün Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT - ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 5-ci iclası keçirilib. Nazirlərin 5-ci iclasını giriş sözü ilə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker açıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən nazir İsmət Abasov ölkələrimiz və yerləşdiyimiz region üçün vacib əhəmiyyətə malik olan kənd təsərrüfatı sahəsinə həsr edilmiş bu iclasa dəvətinə görə Mehdi Ekerə təşəkkürünü bildirib və iclasın bütün iştirakçılarını salamlayıb. Abasov bugünkü iclasın çox əlamətdar bir tarixdə baş verdiyini və 20 il bundan əvvəl, 1992-ci ilin noyabr ayında Azərbaycan da daxil olmaqla 7 ölkənin (Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) İƏT-ə qoşulduğunu, təşkilatın üzvlərinin sayının 3-dən 10-a çatdığını bildirib. Nazir fürsətdən istifadə edərək İƏT-in genişləndiyi gün - 28 noyabr "ECO günü" münasibətilə iclas iştirakçılarını əvvəlcədən təbrik edib.

O bildirib ki, o vaxtdan bu günə qədər təşkilatın yeni dövrü başlayıb. Azərbaycan öz tərəfindən bütün dövrlərdə ECO təşkilatının fəaliyyətinə böyük önəm verib və ECO-nun uğurlu fəaliyyəti bütün üzv ölkələrin marağındadır. Çünki bizi həm ortaq tarixi və mədəni dəyərlər, həm də iqtisadi və siyasi maraqlar birləşdirir.

İsmət Abasov bu il oktyabrın 16-da Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısının keçirildiyini, həmin toplantının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycanın növbəti illərdə ECO-nun sədri kimi təşkilatın daha da inkişaf etməsi, konkret layihələr üzərində işləməsi və təşkilata üzv olan ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsi naminə əlindən gələni edəcəyini qonaqların diqqətinə çatdırıb.

Nazir qeyd edib ki, ECO regionu ölkələrinin iqtisadiyyatında kənd təsərrüfatının önəmli yeri var və bu təşkilatın kənd təsərrüfatı sahəsində bütün təşəbbüslərinə Azərbaycan tərəfindən dəstək verilir. O, eyni zamanda, son iki ildə təşkilata sədrlik etmiş Türkiyəyə və onun rəhbərliyinə uğurlu fəaliyyətə görə minnətdarlığını bildirərək, bu dövrdə təşkilatın fəaliyyət dairəsinə daxil olan bir çox sahələrdə, o cümlədən ECO regionu üçün xüsusi əhəmiyyət kəsb edən kənd təsərrüfatı sahəsində əməkdaşlığın xeyli gücləndirildiyini diqqətə çatdırıb.

Abasov xatırladıb ki, ECO kənd təsərrüfatı nazirlərinin bundan əvvəlki 4-cü iclası 2008-ci ildə Bakıda keçirilib. Həmin iclasda ölkəmizin növbəti illər üçün regional prioritetləri geniş müzakirə edilib və iclasın sonunda qəbul edilmiş Bakı Bəyannaməsində qarşımıza bir sıra vəzifələr qoyulub. Nazir həmin vaxtdan etibarən qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində xeyli irəliləyişlərə nail olunduğunu söyləyib. Belə ki, Tehranda ECO Baytarlıq Komissiyasının, Ankarada ECO-nun Regional Ərzaq Təhlükəsizliyi Proqramının icrası məqsədilə ECO Regional Əlaqələndirmə Mərkəzinin, İslamabadda Sudan Səmərəli İstifadə Mərkəzinin, ECO Toxum Assosiasiyasının yaradılması birgə səylər nəticəsində mümkün olub.

Nazir bildirib ki, ECO çərçivəsində yaradılan bu regional təşəbbüslər təşkilata üzv ölkələrin aidiyyəti qurumları ilə sıx əməkdaşlıq şəraitində çalışmalı, üzv ölkələr bu mexanizmlərə yaxından inteqrasiya etməli və mexanizmlər vasitəsilə ötürülən mütərəqqi təcrübələri öz milli siyasətlərinə daxil etməlidirlər. Yalnız sıx inteqrasiya və davamlı təcrübə mübadiləsi vasitəsilə ölkəmiz regionun üzləşdiyi problemlərə effektiv cavab verə bilər.

Abasov Azərbaycanda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlərlə iclas iştirakçılarını tanış edərək bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinin hazırkı inkişaf konsepsiyası ölkə başçısı tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda öz əksini tapıb. Proqramda nəzərdə tutulmuş ortamüddətli hədəflərə çatmaq, kənd təsərrüfatı sahəsində özəl sektora dəstək məqsədilə dövlət tərəfindən çoxşaxəli tədbirlər həyata keçirilir.

Nazir inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin təcrübəsinə əsaslanaraq, Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına subsidiyalar formasında birbaşa dəstəyin, vergi güzəştləri, güzəştli kreditlər formasında isə dolayı yolla dəstəyin göstərildiyini qeyd edib. Belə ki, 2007-ci ildən etibarən kənd təsərrüfatı istehsalçılarına hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə 50 ABŞ dolları, bununla yanaşı, hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına əlavə olaraq 50 ABŞ dolları məbləğində subsidiya verilir. 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan mineral gübrələrin dəyərinin 50 faizi həcmində, 1-ci və 2-ci reproduksiyalı toxum istehsalçıları tərəfindən satılan toxuma görə müvafiq olaraq 40 və 30 faiz, orijinal, superelit və elit toxumlara çəkilən xərclərin ödənilməsinə görə elmi-tədqiqat təşkilatlarına 100 faiz həcmində subsidiya ödənilir.

Nazir bildirib ki, kənd təsərrüfatı sahəsində həyata keçirilən düşünülmüş və tarazlı siyasət nəticəsində Azərbaycanda son illərdə bu sahədə dinamik inkişaf baş verib. 2012-ci ilin 9 ayı ərzində kənd təsərrüfatı sahəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artım olub və son 8-9 il ərzində ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluqla mübarizədə böyük uğurlar qazanılıb. Bu illər ərzində yoxsulluq 49 faizdən 7 faizə enib.

O öz çıxışında ECO-ya üzv olan ölkələrlə ticarət dövriyyəsinə toxunaraq, 2011-ci ildə bu ticarət dövriyyəsinin 38 faiz, 2012-ci ilin 9 ayında 20 faiz artdığını və təşkilata üzv olan ölkələrlə çox səmərəli iqtisadi əlaqələrin olduğunu söyləyib: "Bütün bu qeyd olunanlarla yanaşı, milli səviyyədə həyata keçirilən tədbirlər nə qədər effektiv olsa da, ECO regionunda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə regional səviyyədə səylərin artırılması və konkret regional layihələr üzərində işləmək vacibdir".

İsmət Abasov bu kontekstdə iclas iştirakçılarının diqqətini ECO-nun "Regional Ərzaq Təhlükəsizliyi Proqramı"na yönəldərək, layihənin ECO-ya üzv olan ölkələrin yaxından iştirakı ilə həyata keçirilməsi üzrə səylərin artırılması zəruriliyini qeyd edib. O bildirib ki, dünya əhalisinin durmadan artdığı və ərzaq ehtiyatlarının məhdudluğu şəraitində hökumətlərin üzərinə düzgün və balanslaşdırılmış siyasətin müəyyən edilməsi kimi vacib missiya düşür. Ərzaq məhsullarının davamlı istehsalı, ərzaq təhlükəsizliyinin yerli, milli, regional və qlobal səviyyələrdə təmin edilməsinə nail olmaq məqsədilə hökumətlərlə vətəndaş cəmiyyəti və özəl sektor arasında dialoq genişləndirilməli, beynəlxalq təşkilatlar, o cümlədən ECO ilə koordinasiya gücləndirilməlidir və yalnız bu yolla XXI əsrin çağırışlarına effektiv cavab verə, ərzaq məhsullarının dayanıqlı istehsalına nail ola bilərik.

Nazir çıxışının sonunda iclasın yüksək səviyyədə təşkilinə və bütün iştirakçılara göstərilmiş qonaqpərvərliyə görə Türkiyə hökumətinə, xüsusilə də ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerə təşəkkürünü bildirərək, iclasın uğurlu olacağına və qəbul ediləcək sənədlərin təşkilatın kənd təsərrüfatı sahəsində fəaliyyətini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Abasov İƏT-ə üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 5-ci iclası çərçivəsində təşkilata üzv olan ölkələrin nazirləri və İslam İnkişaf Bankının Kənd Təsərrüfatı Departamentinin direktoru ilə görüşüb və ölkəmizin aqrar sahədə əməkdaşlığının perspektivləri barədə öz həmkarları ilə fikir mübadiləsi aparıb.

İclasın sonunda Antalya Bəyannaməsi qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti