...

Azərbaycan üçün Fars körfəzi ölkələri ilə əməkdaşlıq imkanlarına baxmaq vacibdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2012 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan üçün Fars körfəzi ölkələri ilə əməkdaşlığın bütün mövcud imkanlarına baxmaq çox əhəmiyyətlidir. Bu barədə cümə günü Trend-ə London Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) baş direktoru Con Çipman deyib.

"Azərbaycan maliyyə xidmətləri sektorunda körfəz ölkələri ilə əməkdaşlığın perspektivlərinə baxmaqla yanaşı, islam bankçılığına artan marağı nəzərə alaraq Qətər, Malayziya, İndoneziya və Bruney kimi ölkələrlə əlaqələr qura bilər", - Çipman bildirib.

Onun sözlərinə görə, Azərbaycanda artıq Qərb modeli üzrə yaradılmış, amma islam maliyyə məhsulları təklif edən banklar var və ölkədə islam bankçılığının inkişafı üçün məkan və imkanlar mövcuddur.

Çipman "MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzusunda Birlik dövlətlərinin V Bakı Beynəlxalq Bank Konfransının işində iştirak edir.

Konfransda dünya iqtisadiyyatında davam edən böhran şəraitində MDB-nin maliyyə bazarlarının sabitliyinin artımı məsələləri, MDB-nin Azad ticarət zonası haqqında müqavilənin qəbulunu nəzərə alaraq qarşılıqlı fəaliyyətin yeni imkanları, alternativ maliyyə məhsullarının və perspektivli texnologiyaların tətbiqi, MDB ərazisində islam bankçılığının inkişafı, Birlik ölkələrinin inkişaf proqramlarının həyata keçirilməsi üçün əhalinin vasitələrinin cəlb edilməsinin imkanları müzakirə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti