...

Aİ Azərbaycan üçün on yeni tvininq layihə hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 12:51 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) və Azərbaycan on yeni tvininq layihə hazırlayırlar.
Aİ Azərbaycan üçün on yeni tvininq layihə hazırlayır

Azərbaycan, Bakı, 22 noyabr / Trend, müxbir A.Axundov /

Avropa İttifaqı (Aİ) və Azərbaycan on yeni tvininq layihə hazırlayırlar. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər müdiri Toralf Pilts cümə axşamı "Azərbaycanın qiymətli kağızlar sahəsində qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə və institusional inkişafa uyğunlaşdırılması" tvinninq layihəsinin təqdimatında çıxışı zamanı deyib.

"Aİ 2006-cı ildən Azərbaycanda tvininq layihələrin reallaşdırılmasına hər il 7,6 milyon avro vəsait ayırır. Bugünədək yeddi tvininq layihə uğurla başa çatıb, on layihənin reallaşdırılması davam edir, habelə daha on layihə hаzırlanır", - Pilts deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı tvinninq layihələri çərçivəsində Vergilər, Kənd Təsərrüfatı və Təhsil nazirlikləri, Ombudsman Aparatı və Azərbaycanın başqa dövlət strukturları ilə əməkdaşlıq edir.

"Tvinninq layihə yalnız biliklərin ötürülməsi deyil, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndilməsidir ki, bu da inkişaf və gələcək islahatlar üçün zəmanət yaradır", - Pilts deyib.

Onun sözlərinə görə, Azərbaycanda "Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun tətbiqi bu bazarın daha böyük inkişafına və bank və başqa maliyyə xidmətlərinin tətbiqinin genişlənilməsinə gətirib çıxaracaq.

"Onun hazırlanması zamanı milli qanunvericiliyin beynəlxalq qanunvericiliklə koordinasiyası məqsədi ilə Avropa İttifaqının tövsiyələri nəzərə alınacaq. Bunun üçün texniki yardım üzrə bir neçə layihə reallaşdırılıb, ancaq əlavə kömək tələb olunur. Bu məqsədlə də QKDK ilə bu layihəyə başlanılır", - Pilts deyib.

Layihənin büdcəsi 999950 avro təşkil edir. Layihənin reallaşdırılmasına 2012-ci il oktyabrın 1-dən başlanılıb və 31 may 2014-cü ilə kimi davam edəcək. Benefisiar tərəfindən tərəfdaş QKDK, Avropa İttifaqına üzv ölkələr tərəfindən - Polşanın Maliyyə Nəzarəti üzrə Agentliyi çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti