Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir C.Nəsibova/
Bu ilin ötən dövrü ərzində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına 2417 investisiya layihəsinin maliyyələşdirilməsinə 211 milyon manat güzəştli kredit verilib. Trend-in məlumatına görə, bu barədə Biləsuvar rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən növbəti tədbirdə Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.
"Bu kreditlər hesabına 9000-dən çox yeni iş yerinin yaradılması təmin olunub", - Abdullayev bildirib.
Bu günədək Fondun vəsaitləri hesabına 892 məcburi köçkün sahibkara 18,9 milyon manat, o cümlədən 2012-ci ilin ötən dövrü ərzində 231 məcburi köçkün sahibkara 9,2 milyon manat güzəştli kredit verilib.
Bu kreditlər hesabına 2000-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 5 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,8 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən 3-ü istifadəyə verilib, digər 2 müəssisə üzrə tikinti-quraşdırma işləri aparılır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar rayonundakı 4 saylı qəsəbədə məskunlaşmış Füzuli və Cəbrayıl rayonlarından olan 34 məcburi köçkün sahibkara 188 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbirdə 200-dək sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkün iştirak edib.