Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.Xəlilova/
2013-cü ildə pul siyasətinin əsas hədəfini inflyasiyanın 5-6 faiz səviyyəsində təmin olunması təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cümə axşamı dərc olunmuş 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bunun üçün Mərkəzi Bank klassik tənzimləmə alətləri ilə pul kütləsinin artım tempinə təsir etməyə çalışacaq. Eyni zamanda uzunmüddətli dövrdə inflyasiyaya və iqtisadi tsiklə təsir baxımından pul siyasətinin yeni, daha effektiv rejiminin tətbiqi istiqamətində zəruri makroiqtisadi, institusional və struktur şərtlərin təmin olunması diqqətdə saxlanacaq", - bəyanatda deyilir.
Bu şərtlər sırasında çevik məzənnə rejimi xüsusi əhəmiyyət kəsb edir. Çevik məzənnə rejimi pul kütləsi və faiz dərəcələri üzərində daha effektiv monetar nəzarəti təmin edir. İqtisadiyyatın və ixracın şaxələnməsi, fiskal dayanıqlığın daha da güclənməsi, maliyyə bazarının inkişafı və faiz dərəcəsinin inflyasiya üzərində əsas təsir vasitəsinə çevrilməsi bu rejimə keçid üçün xüsusi əhəmiyyət kəsb edir.
2012-ci ildə Mərkəzi Bank fəaliyyətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin möhkəmləndirilməsi kimi hədəflərin həyata keçirilməsinə yönəldib, həmçinin maliyyə vasitəçiliyinin inkişafını təşviq edib.
İqtisadiyyatın "təbii məşğulluq həddi"nə yaxınlığı şəraitində istehlak qiymətlərinin artım tempində 2011-ci ilin ikinci yarısından başlanan enmə 2012-ci ildə də davam edib. Cari ildə inflyasiya birrəqəmli səviyyədə olub, orta illik inflyasiya 11 ayda cəmi 1,2 faiz təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz bəndi aşağıdır. Ölkədə əmək haqqının artım tempi inflyasiya tempini 7.3 faiz üstələyib. Ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiya tempi Azərbaycandakı inflyasiyanı 5 faiz bəndi üstələyib. Müqayisə üçün, BVF 2012-ci ildə inkişaf etməkdə olan ölkələrdə orta inflyasiyanın 6,1 faiz təşkil edəcəyini proqnozlaşdırır.
Cari ilin 11 ayında kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi 0,3 faiz azalıb. Bu, əsasən bitkiçilik məhsulları üzrə müşahidə olunub. Həmçinin, qeyri-neft sənayesinin əksər sahələrində qiymət azalması (qida, metallurgiya, kimya, ağac emalı və.s.) baş verib. İstehlak bazarı ilə yanaşı daşınmaz əmlak bazarında da qiymətlər əsasən sabit qalıb.