...

Mərkəzi Bank: Azərbaycanın bank sektorunun likvid aktivləri əhalinin əmanətlərinin yarısını örtmək üçün yetərlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2012 17:07 (UTC +04:00)
Azərbaycanın bank sektorunun məcmu kaptalının həcmi 11 ayda 30 faiz artıb.
Mərkəzi Bank: Azərbaycanın bank sektorunun likvid aktivləri əhalinin əmanətlərinin yarısını örtmək üçün yetərlidir

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın bank sektorunun məcmu kaptalının həcmi 11 ayda 30 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

"Sektorun kapital mövqeyi qənaətbəxş səviyyədədir. Kapitalın adekvatlıq göstəricisi 12 faizlik normaya qarşı 15,7 faiz təşkil edir", - bəyanatda qeyd olunur.

Cari ilin 11 ayında kapitalın gəlirliyi (ROE) 9 faiz, bank aktivlərinin gəlirliyi isə 1 faizdən çox (ROA) olub.

Hesabat dövründə bank sisteminin aktivləri 20,6 faiz, kredit qoyuluşları isə 20,9 faiz artıb. Kredit qoyuluşları sənaye və istehsala 50 faiz, kənd təsərrüfatı və emal sahələrinə 16 faiz artıb. Cari ildə Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 1800-dən çox şəxsə ümumilikdə 66,4 milyon manat məbləğində ipoteka krediti ayrılıb. Uzunmüddətli kreditlərin həcmində 23 faiz artım olub. Kredit qoyuluşları regionlar üzrə 19,6 faiz, qeyri-bank kredit təşkilatları üzrə isə 28 faiz artıb.

Ümumilikdə, Mərkəzi Bank sektorun likvidliyini stabil və əlverişli olaraq qiymətləndirir. Likvid aktivlər ümumi aktivlərin 12,8 faizi həddindədir. Bu da əhalidən cəlb olunmuş depozitlərin həcminin yarısını örtmək üçün yetərlidir.

Bank sektorunun qlobal maliyyə sisteminə inteqrasiyası və xarici mənbələrdən resurslar cəlb etməsi davam edib. Xarici borc öhdəliklərinin bank resurslarında xüsusi çəkisi 15,5 faiz səviyyəsindədir. Bankların xarici öhdəliklərinin 60%-dən çoxunun müddəti 1 ildən yuxarıdır.

AMB hesab edir ki, əhalinin bank sisteminə etimadı daha da güclənib, əmanətlər 15,6 faiz artaraq 4,8 milyard manata çatıb. Müddəti 1 ildən yuxarı olan əmanətlərin həcmi 17,4 faiz artıb.

"2012-ci ildə faiz dərəcələrində azalma meyli davam edib. Kreditlər və əmanətlər üzrə orta faiz dərəcələri 2 faiz bəndinədək azalıb", - bəyanatda deyilir.

Maliyyə sektorunun regional əhatəsi daha da genişlənib. 2012-ci ilin 11 ayı ərzində 26 yeni bank filialı və 14 yeni bank şöbəsi açılıb. Hazırda ölkədə 654 bank filialı və 162 bank şöbəsi fəaliyyət göstərir ki, bunların da yarısı regionların payına düşür. Bundan başqa, ölkədə 114 filiala malik 132 qeyri-bank kredit təşkilatları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti