Azərbaycan, Bakı, 30 aprel /Trend/
Azərbaycan üçün yeni, ekoloji cəhətdən təmiz tikinti materialı olan "gobustone" məsaməli beton bloklarını istehsal edən AAC şirkəti bu gün istifadəyə yayarsız kağızları "Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı" MMC-nin qəbul məntəqəsinə təqdim edib.
"Kağızların yığılması prosesinə birdəfəlik kampaniya kimi baxmırıq. Ətraf mühitin qorunması önəmli məsələ olduğu üçün istifadə olunmuş kağızları yığıb yenidən emala vermək qərarına gəldik. Bunun üçün ofisdə "100 kq kağız=1 ağac" yazısı olan qutular qoyduq. Günün sonuna yığılmış istifadəyə yararsız təkrar emalı mümkün olan kağızları əməkdaşlarımız bu qutulara qoyurlar. Bu gün isə yığılmış kağızları bu sahədə ixtisaslaşmış Azərbaycan Kağız və Karton İstehsalı Kombinatına təqdim etdik", - şirkətin Marketinq şöbəsinin meneceri Teymur Hacıyev bildirib.
AAC şirkəti tullantıların ətraf mühitə ziyan vurmadan zərərsizləşdirilməsi işlərini yerinə yetirən bu istiqamətdə ixtisaslaşmış müəssisələrlə əməkdaşlığı bundan sonra da davam etdirəcək. "Çünki bu tədbirlər tullantılardan səmərəli istifadəyə şərait yaradır və onların yandırılaraq ətraf mühitə mənfi təsir göstərməsinin qarşısını alır", - Hacıyev deyib.
"Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı" MMC 2012-ci ildən fəaliyyətə başlayıb və hazırda gün ərzində 40 ton kağız-karton emal olunur. Emal olunan məhsulun keyfiyyətinə daim nəzarət edilməsi məqsədilə kombinatda laboratoriya fəaliyyət göstərir.
Qeyd edək ki, təxmini olaraq 1 ton tullantı kağızın yenidən istehsalı 10 agacın kəsilməsinin, 2000 kWh elektrik enerjisi sərfinin, 200 kubmetr suyun sərf olunmasının qarşısını ala bilər.
Xatırladaq ki, Almaniyanın "Wehrhahn" firmasının avadanlıqları ilə istehsal olunan "gobustone" məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlılığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.
AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. "AAC" müasir tikinti materialları zavodu "Synergy Group"a daxildir.