...

İlin I yarısında vergi qanunvericiliyinin pozulması ilə əlaqədar 192 cinayət işi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2013 16:44 (UTC +04:00)
2013-cü ilin birinci yarısı ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 192 cinayət işi başlanıb ki, bu da ötən illə müqayisədə 24 iş azdır.
İlin I yarısında vergi qanunvericiliyinin pozulması ilə əlaqədar 192 cinayət işi açılıb

Azərbaycan, Bakı, 12 iyul /Trend/

2013-cü ilin birinci yarısı ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 192 cinayət işi başlanıb ki, bu da ötən illə müqayisədə 24 iş azdır.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, həmin cinayət işlərindən 168-i vergi ödəməkdən yayınma, o cümlədən 87-i vergi borcunun ödənilməməsi faktları, qalanları isə qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktları ilə bağlı daxil olmuş materiallar üzrə başlanılıb.

Departamentin İstintaq idarəsinin icraatında həmin dövr ərzində cəmi 537 cinayət işi (əvvəlki illərdən qalıq qalmış, icraatı təzələnmiş və digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlər də nəzərə alınmaqla) olub, istintaqı tamamlanmış 184 cinayət işindən 50 iş üzrə 51 nəfər barəsində ittiham aktı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hesabat dövründə 133 işin icraatına xitam verilib, onlardan 73 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad ediliblər. Cinayət işlərinin araşdırılması zamanı 10 milyon 365 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 14 nəfər tutularaq istintaqa təhvil verilib, ibtidai istintaqdan yayınan 251 şəxsin məcburi qaydada gətirilməsi, 219 şəxsin tapılaraq istintaqa gəlmələri, 145 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunub.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasından yayınan 342 nəfər vergi ödəyicisi tapılaraq onlar barədə məlumatlar müvafiq vergi orqanlarına təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti