...

Lerikdə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2013 16:50 (UTC +04:00)
İyulun 12-də Lerikdə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir.
Lerikdə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İyulun 12-də Lerikdə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 250-dən çox istehlakçı iştirak etmişdir.

Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını və istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sisteminin yaradıldığını vurğulamışdır. Araz Əliyev Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi həyata keçirilən inzibati və maarifləndirmə tədbirləri barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu ilin ötən beş ayı ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 23,2 müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edilmişdir.

Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, 2013-cü ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 37 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1200 yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilmişdir.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti