Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir E.Əliyev/
Dünya İqtisadi Forumunun (DİF) "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması ölkə biznesinin nüfuzunun artmasından xəbər verir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Marketoloqlar Cəmiyyətinin (AMC) sədri Rəhim Hüseynov deyib.
DİF-in hər il tərtib etdiyi hesabata görə, 2013-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Azərbaycan ötən illə müqayisədə mövqeyini 7 bənd yaxşılaşdırıb.
AMC 2006-cı ildən hesabatın tərtib edilməsi üzrə DİF-in tərəfdaşıdır.
R.Hüseynovun sözlərinə görə, Qlobal Rəqabət Qabiliyyəti İndeksi (The Global Competitiveness Index) dünya ölkələrinin iqtisadiyyatlarının ən nüfuzlu qlobal müqayisəli göstəricilərindən biridir.
Onun sözlərinə görə, Azərbaycan son illər reytinqdə 57-ci yerdən (2010-cu il) 39-cu yerədək (2013-cü il) yüksəlib: "Bu, irəliyə çox ciddi sıçrayışdır. Bu sıçrayış ölkənin uğurlu iqtisadi inkişafının və aparılan iqtisadi siyasətin məhsuldarlığının təzahürüdür".
Ekspert deyib ki, reytinqdə yerli iqtisadiyyatın mövqeyinin belə ciddi yaxşılaşmasına bir neçə amil əhəmiyyətli təsir edib.
O bildirib ki, bunlardan birincisi, "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin inkişafıdır: "Adıçəkilən reytinq hazırlanarkən ən müxtəlif göstəricilər və meyarlar nəzərə alınır, lakin heab edirəm ki, dövlət xidmətlərinin inkişafını və bu xidmətlərin göstərilməsinin asanlaşdırılmasını fərqləndirmək lazımdır. Bəli, ola bilsin ki, hamı bu xidmətin biznes və işgüzar mühitə nə qədər təsir etdiyini tam hiss etmir və anlamır, çünki hazırda ASAN daha çox fiziki şəxslərə aid xidmətlər göstərir. Lakin əminəm ki, yaxın perspektivdə dövlət xidmətlərinin ümumilikdə biznesə, xüsusilə, "ASAN xidmət"ə müsbət təsiri daha çox hiss ediləcək".
Ekspert qeyd edib ki, reytinqdə yerli iqtisadiyyatın mövqeyinin yaxşılaşmasına Azərbaycanda İKT sahəsinin inkişafının təsir etdiyini də qeyd etmək lazımdır.
Onun sözlərinə görə, Azərbaycanda bu sahənin güclü inkişafı bilavasitə biznesə təsir edir: "Müasir texnologiyaların tətbiqi, şirkətlərin daxilində elektronlaşma prosesi və İKT-nin inkişafının digər amillərinin biznesə təsiri ölkənin iqtisadi inkişafına öz töhfəsini verir. Bu da yekunda rəqabəq qabiliyyəti reytinqində öz əksini tapır".
R.Hüseynovun sözlərinə görə, milli iqtisadiyyatın rəqabət qabiliyyəti reytinqinin artmasına təsir edən ikinci amil xaricdə Azərbaycan biznesinin nüfuzunun yaxşılaşmasıdır: "Məlum olduğu kimi, DİF reytinq tərtib edilərkən dünyanın 148 ölkəsində iş adamları arasında sorğu aparır. Bu sorğuların nəticələri ölkənin yekun reytinqinə ciddi təsir edir və DİF-in hesabatındakı məlumatlar ondan xəbər verir ki, Azərbaycana və yerli iqtisadiyyata etimad ildən-ilə artır. Hesabata əsasən, Azərbaycan MDB ölkələri arasında I yerdədir və Cənubi Qafqaz regionu ölkələrini xeyli qabaqlayır. Biz keçmiş SSRİ ölkələri arasında yalnız Estoniyadan geri qalırıq ki, bunu da həmin ölkədə intellektual iqtisadiyyatın inkişafının yüksək səviyyəsi ilə izah etmək olar. Baltikyanı ölkələrin hər üçü - Latviya, Litva və Estoniya hələ sovet dövründən SSRİ-nin digər respublikalarını müəyyən qədər qabaqlayırdı və bu, DİF-in reytinqlərində də öz əksini tapırdı. Lakin indi ölkəmiz rəqabət qabiliyyəti göstəriciləri üzrə Latviya və Litvanı ötüb. Əminəm ki, bu tendensiya gələcəkdə də davam edəcək".
Azərbaycan rəqabət qabiliyyəti indeksi üzrə artıq beşinci ildir ki, MDB məkanında liderdir. Sonrakı yerləri Qazaxıstan (50-ci yer), Rusiya (64), Gürcüstan (72), Ermənistan (79), Ukrayna (84) və s. tuturlar.
Qlobal rəqabət qabiliyyəti səviyyəsinə görə ilk 5-likdə yer almış ölkələr İsveçrə (5.67 bal), Sinqapur (5.61), Finlandiya (5.54), Almaniya (5.51) və ABŞ-dır (5.48).
DİF rəqabət qabiliyyəti indeksinin hesablanması üçün 12 göstəricidən istifadə edir. Bunlar institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və peşə hazırlığı, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti və innovasiya potensialıdır.