...

Nazir müavini: Azərbaycan Aİ ilə əmtəə dövriyyəsinin strukturunun dəyişdirilməsinə istiqamətlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2013 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir H. Vəliyev/

Avropa şirkətləri Azərbaycan iqtisadiyyatının inkişafı prosesində vacib rol oynamaqla yanaşı, bu prosesdə fəal iştirak edirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, sənaye, alternativ enerji, ticarət, bank sektoru, kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən 1200-dən artıq Avropa şirkəti qeydiyyata alınıb.

Nazir müavini bildirib ki, Azərbaycan qabaqcıl Avropa təcrübəsini mənimsəməklə iqtisadiyyatın müxtəlif sahələrində müasir texnologiyalar və nou-xau tətbiq edir.

O deyib: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında göstərildiyi kimi, gələcəyə baxışımız qeyri-neft sektorunun inkişafıdır. Bununla əlaqədar, yeni bazarların müəyyənləşdirilməsi və onlara çıxmaq üzrə qarşıya yeni məqsədlər qoyulub. Bu baxımdan Avropa bazarı bizim üçün çox əhəmiyyətli bazardır".

Hazırda Azərbaycanın əmtəə dövriyyəsinin təqribən 45 faizi Avropa ölkələrinin payına düşür. Nazir müavininin sözlərinə görə, Aİ Azərbaycanın strateji ticarət tərəfdaşıdır: "Əlbəttə ki, hazırda əmtəə dövriyyəsinin strukturunda neft məhsulları üstünlük təşkil edir. Strategiyamıza əsasən, hazırda iqtisadiyyatın şaxələndirilməsi həyata keçirilir ki, bu da qeyri-neft sahəsinin yeni məhsul çeşidlərilə Avropa bazarlarına çıxmasına imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti