...

İltimas Məmmədov: Azərbaycan artıq peykdən gəlir götürür (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2013 13:04 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində İKT üzrə yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirilib.
İltimas Məmmədov: Azərbaycan artıq peykdən gəlir götürür  (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində İKT üzrə yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirilib.

Trend-in məlumatına görə, 30 nəfərə yaxın gəncin qatıldığı görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qonaqları salamlayaraq qeyd edib ki, bu gün dünyada infromasiya və kommunikasiya və mühəndislik sahəsi digər sahələri ötməkdədir. Azərbaycanda da bu sahənin inkişafına xüsusi diqqət yetirlir. S.Orucov qeyd edib ki, bu sahədə təhsil alan tələbələrin bilikləri nə qədər çox olsa bu sahənin inkişafı daha intensiv olar.

Tədbirdə çıxış edən İ.Məmmədov tələbələri təbrik edərək qeyd edib ki, İKT sahəsinin proritet olunması hələ ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmişdi: "Sonrakı illərdə cənab Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət verib".

Bu ilin "İKT ili" olduğunu qeyd edən İ.Məmmədov qeyd edib ki, Azərbaycanın peyki orbitə buraxıldı və hər bir azərbaycanlı bununla qürur duyur. İ.Məmmədovun sözlərinə görə, Azərbaycan artıq bu peykdən gəlir götürür və bu, neft kapitalının digər sahələrin inkişafına yönəldilməsi istiqamətində atılan ən mühüm addımlardan biridir.

İ.Məmmədov qeyd edib ki, internetin regionlarda inkişafına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, internet ucqar kəndlərdə 10 meqabit, rayon mərkəzlərində 30 meqabit, Bakı kimi şəhərlərdə isə 100 meqabitdən artıq olacaq. Nazir müavini qeyd edib ki, əhalinin İKT-ə olan tələbatının böyük bir hissəsi artıq təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.

Daha sonra çıxış edən E.Qasımov da bütün tələbələri təbrik edərək qeyd edib ki, İKT sahəsi Azərbaycanda intensiv inkişaf etməkdədir. E.Qasımov vurğulayıb ki, İKT və mühəndislik sahəsi Azərbaycan üçün çox önəmlidir.

O, bildirib ki, Azərbaycanda iri sənaye komplekslərinin tikilməsi, bu sahədə yeni iş yerlərinin açılması həmin sahədə peşəkar mütəxəsislərə tələbatı artırır: "Bu gün Azərbaycanda tələbələr də İKT və mühəndislik sahəsinə maraq göstərirlər".

Azərbaycanda yeni ali məktəblərin açılmasını da xatırladan E.Qasımov qeyd edib ki, bütün bunlar neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində cənab Prezident İlham Əliyev tərəfindən atılan ən mühüm addımlardan biridir.

Tədbirdə yüksək bal toplamış tələbələrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hədiyyə olaraq 3 il müddətinə elektron xidmətlərdən pulsuz istifadə paketi və digər hədiyyələr, eyni zamanda YAP Gənclər Birliyinin təşəkkürnamələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti