...

ADIF-də fiziki şəxslərin əmanətlərinin 66 faizini qorunan əmanətlər təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2013 17:17 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası cari ilin III rübünün nəticələrini müzakirə edib.
ADIF-də fiziki şəxslərin əmanətlərinin 66 faizini qorunan əmanətlər təşkil edir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası cari ilin III rübünün nəticələrini müzakirə edib.

Fonddan Trend-ə verilən məlumata görə, 2013-cü ilin III rübündə fiziki şəxslərin cəmi əmanətləri 213 mln. (3,8%) manat artaraq 5 831 mln. manata çatıb.

III rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (5,8 mlrd. manat) 34%-ni (1,97 mlrd. manat) qorunmayan əmanətlər, 66%-ni (3,87 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib.

Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 91 mln. manat (5,0%) artaraq 1 904 mln. manat olub ki, bu da qorunan əmanətlərin 47,5%-ni təşkil edir.

Qorunan əmanətlərin 59%-i manatın, 37%-i ABŞ dollarının, 4%-i isə avronun payına düşür.

Üzv banklar tərəfindən 5 306 497 əmanətçiyə xidmət göstərilir ki, onların da 4 899 375 nəfəri (93%) qorunan əmanətçidir.

Hazırda Fondun sığorta ehtiyatları 64,7 mln. manat, cəmi aktivləri isə 66,9 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi ADIF-in investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 58 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,4% təşkil edib. Fondun 5,0 mln. avro vəsaiti isə "Deutsche Asset & Wealth Management International" şirkəti vasitəsilə idarə olunur.

Xatırladaq ki, 1 avqust 2013-cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faiz olub. 1 avqust 2013-cü il tarixindən etibarən üzv banklarda illik 10 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir.

Hər bir sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli olan kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti