...

Çox qazanmaq üçün az xərcləmək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Şirkət üçün biznes məsləhətlərinə investisiya qoymaq nə deməkdir? Bakıda yerləşən və mebel sahəsində fəaliyyət göstərən ölkənin aparıcı şirkətlərindən biri öz biznesini yenidən qurmuş, funksiyaların və vəzifə borclarının aydın şəkildə bölüşdürülməsini, spesifik şöbələrin formalaşdırılmasını, daha yaxşı nəql və çatdırılma sisteminin qurulmasını və bir çox başqa yenilikləri ehtiva edən etibarlı idarəetmə sistemi yaratmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankınıın (AYİB) həyata keçirdiyi və Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna) xırda, kiçik və orta müəssisələrə dəstək təşəbbüsü vasitəsilə maliyyələşdirdiyi İşküzar məsləhətci xidmətləri (BAS) proqramı sayəsində şirkət keyfiyyət sertifikatı almış və istehsalının səmərəliliyini artırmışdır.

Sözügüdən şirkət AYİB-in maliyyələşdirdiyi BAS proqramı vasitəsilə məsləhət dəstəyi əldə edib və biznes təcrübəsini artırıb. AYİB -in dəstəyi sayəsində şirkətin idarəetmə sistemi xeyli yaxşılaşdırılmışdır, əməyin səmərəliliyi artmışdır, müəssisənin maliyyə dövriyyəsi isə ən azı 50% yüksəlmişdir. İdarəetmə sisteminin yaxşılaşdırılması sayəsində şirkət hazırda resurslarından daha səmərəli istifadə edir və mənfəətin artmasına nail olub.

Xırda, kiçik və orta müəssisələrin biznes-məsləhətləri vasitəsilə dəstəklənməsi AYİB-in Azərbaycan da daxil olmaqla keçid iqtisadiyyatı yaşayan ölkələrdə fəaliyyətinin mühüm hissəsidir. Xırda, kiçik və orta müəssisələr bazar iqtisadiyyatının dinamik inkişafının təməlidir. Bu şirkətlərə onlara bizneslərinin yenidən qurmaqda yardım göstərən yerli biznes-məsləhətçilərin cəlb edilməsi vasitəsilə BAS proqramı həmin müəssisələrdə etibarlı menecment sisteminin yaradalımasını dəstəkləyir.

AYİB-in BAS proqramının Azərbaycandakı layihə direktoru Lalə Rzayeva bildirib: "On il ərzində BAS layihəsinin xidmətlərindən 700-dən çox şirkət faydalanıb. İşküzar məsləhətçi xidmətləri proqramı şirkətlərə bazarların qiymətləndirilməsi və planlaşdırma, marketinq və satışların tədqiqi, biznes-tərəfdaşların axtarılması, keyfiyyətə nəzarət, elektrik enerjisindən səmərəli istifadə və sair məsələlər də daxil olmaqla, bir çox sahələrdə məsləhətçilərlə işləməyə yardım göstərir".

BAS layihəsinin Azərbaycandakı mütəxəssisi Emin Quluzadə izah edir: Biz, əsasən, işçilərinin sayı 250-dən çox olmayan yerli özəl müəssisələrlə işləyirik, hansılar ki, artıq bazarda yerlərini tutublar, amma biznesin inkişafı üçün dəstəyə ehtiyac duyurlar".

Onun sözlərinə görə, şirkət özü layihənin ümumi dəyərinin 25%-dən 75%-dək hissəsini ödəməlidir, məbləğin qalan hissəsi isə BAS proqramının qrantı hesabına maliyyələşdirilir. Bununla belə, AYİB-in hər hansı müəssisəyə ayırdığı qrantın məbləği 10 min avrodan çox deyil.

"İndi hər kəsin dəqiq funksiyası və vəzifə borcu vardır"

2011-ci ilin sonunda sözügedən mebel şirkəti 2012-ci il üçün strateji inkişaf planını təsdiq etmişdir. Bu plana görə, şirkət daha da yüksək inkişaf üçün keyfiyyətin idarə edilməsi və əməyin mühafizəsi sahəsində beynəlxalq standartlara uyğun İnteqrə edilmiş Menecment Sisteminin hazırlanmasında ehtiyac duyurdu. Bu məsələlərdə, mebel müəssisəsinə məsləhətlər vermək üçün AYİB yerli şirkətlərdən birini cəlb etmişdir. Menecmentin və işçi heyətin təlimi layihənin əsas hissəsi idi. Sözügedən məsləhətçi şirkət mebel fabrikinin menecmenti üçün hər biri 10 gün olmaqla 3 mərhələdə təlim keçmişdir.

Mebel müəssisəsinin rəsmisi bildirib:"Təlimlər zamanı biz idarəetmə sahəsində çoxlu faydalı biliklər və bacarıqlar əldə edib. Sonralar mən aldığım bu bilikləri müəssisədə həmkarlarımla bölüşdüm. Təlimçilər həmçinin bizim fabrikə gələrək, müxtəlif şöbələrin əməkdaşları üçün də təlim sessiyaları keçirmişlər".

Nəticədə, şirkətdə beynəlxalq standartlara cavab verən yeni idarəetmə sistemi tətbiq edilmiş, eləcə də əməyin və işçilərin sağlamlığının mühafizəsi sistemi yaxşılaşdırılmışdır.

Mebel fabrikinin logistika şöbəsinin müdiri bildirib: "Əvvəllər, müxtəlif şöbələrin menecerlərinin funksiyaları üst-üstə düşürdü. İndi hər kəsin dəqiq funksiyası və vəzifə borcu vardır. Hər bir menecer öz funksiyalarını yerinə yetirir və bu iş dəqiq şəkildə əlaqələndirilir. Logistika şöbəsi elə özü də kənar məsləhətçilərin tövsiyyələri əsasında yaradılmışdır. Keçmişdə sifarişlərin alınması və yekunda məhsulların müştərilərə göndərilməsi prosesi demək olar ki, kortəbii idi və bu da çox zaman anbarların və nəqliyyatın yüklənməsi çətinliklərini yaradırdı, yük maşınları çatışmırdı və mebel dəstlərinin vaxtında çatdırılmasında problemlər ortaya çıxırdı. İndi sifarişlər coğrafi bölgələrə və mebelin istehsalı üçün gərək olan vaxta görə çeşidlənir. Sifarişlər bərabər şəkildə bölüşdürülür, nəqlliyyatdan isə maksimum səmərələlik və minimum sərfiyyatla istifadə olunur".

Müdafiə vasitələri, ilkin yardım aptek çantaları, fövqəladə vəziyyətlər zamanı davranışa dair təlim

Əməyin və işçilərin sağlamlığının mühafizəsi sisteminin yaxşılaşdırılması məsləhətçi dəstəyin başqa bir mühüm hissəsi idi. Əvvəllər müdafiə vasitələrinə malik olmayan əməkdaşlar, xüsusi geyim forması və müdafiə dəbilqələri ilə təmin edilmişlər. Dəzgahlarla məşğul olan işçilər, səs-küydən müdafiə üçün xüsusi qulaqlıqlarla təchiz olunmuşlar. Fabrikin işçi heyəti həmçinin yüklərin doldurulub-boşaldılması zamanı təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində təlimlər keçmişdir. İstehsal sexləri ilkin yardım aptek çantaları ilə təchiz olunmuşdur, yanğın təhlükəsizliyi sistemi yaxşılaşdırılmışdır. Dörd sahədə su çəni ilə birləşdirilmiş yanğın lövhələri qurulmuşdur. İş yerləri bu lövhələrə yaxın yerləşən əməkdaşlar yanğın əleyhinə avadanlıqlardan istifadə edilməsinə xüsusi öyrədilmişlər. Bundan başqa, ilk dəfə olaraq bütün işçilər yanğın və digər fövqəladə hadisələr zamanlı necə davranmaları barədə təlim keçmişlər.

Şirkərin rəhbəri qeyd edib: "Aldığımız məsləhətlər fabrikdə əməyin təşkili sistemini yaxşılaşdırmağa, işçilərin fiziki yüklənməsini azaltmağa, əməyin məhsuldarlığını artırmağa imkan vermişdir. İndi hər bir işçinin həftədə ən azı bir istirahət günü vardır. Keyfiyyətin idarə edilməsinin və əməyin və sağlamlığın mühafizə sisteminin yeni standartlarının tətbiqi müəssisəyə istehsalı genişləndirməyə imkan vermişdir. Beynəlxalq keyfiyyət sertifikatı əldə etməyimizin sayəsində biz bundan sonra istehsal etdiyimiz mebelin artıq ixracı barədə də düşünə bilərik".

700 layihə çərçivəsində məsləhətçi xidmətlər

Azərbaycanda hər il təxminən 60 şirkət BAS proqramı çərçivəsində yardım alır. BAS proqramı donorlar tərəfindən maliyyələşdirilir: layihənin Azərbaycanda həyata keçirilməsi üçün 2,2 mln. avro məbləğində vəsait Avropa Birliyi, Kanada, Avstriya, Çin, eləcə də AYİB səhmdarlarının Xüsusi Fondu və AYİB-in Keçid ölkələri üçün Fondu tərəfindən ayrılmışdır. Daha 1,9 mln. avro BAS çərçivəsində həyata keçirilən layihələrin müştəriləri tərəfindən ödənilmişdir.

BAS proqramının Azərbaycandakı layihə direktoru Lalə Rzayeva bildirir: "Biz 700-dən layihədə məsləhətçi xidmətlər göstərilməsi üçün 100-dən çox yerli konsaltinq şirkətləri ilə işləmişik".

BAS proqramından faydalanan şirkətlərin 72%-i layihələr başa çatdıqda öz maliyyə dövriyyələrini artırmışlar. Şirkətlərin 52%-i məhsuldarlığı yaxşılaşdırmışlar, 55%-i işçilərin sayını artırmışlar, 14%-i isə uğurla yerli və xarici banklardan maliyyə almağa nail olmuşlar.

Şərq Tərəfdaşlığı Proqramı haqqında:

Şərq Tərəfdaşlığı Proqramı Avropa Birliyinin Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinə dair xarici siyasətini tamamlayır və Avropa Qonşuluq Siyasətinin spesifik aspektini təşkil edir. 2009-cu ilin mayında Praqa Sammitindən başlanan Şərq Tərəfdaşlığı Avropa Birliyi ilə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna arasında siyasi assosiyasiya proseslərinin və gələcək iqtisadi inteqrasiyanın sürətləndirilməsi üçün zəruri şərtlərin yaradılmasına kömək edir.

BAS proqramı haqqında:

AYİB-in BAS proqramı xırda, kiçik və orta müəssisələrə bir sira yerli məsləhətçi xidmətlərə xərclərin bölüşdürülməsi əsasında çatım yaratmağa yönəlib. Proqram həm də yerli işgüzar məsləhətçi xidmətlərin infrastrukturunun davamlı inkişafına yardım edir ki, bu da xırda, kiçik və orta müəssisələr üçün xidmətlərin yaxşılaşdırılmasına imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti