...

Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının III iclasının protokolu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2013 13:17 (UTC +04:00)
Çərşənbə günü Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiyalar, texnika, mədəniyyət, idman və gənclər sahəsində hökumətlərarası komissiyanın III iclasının protokolu imzalanıb.
Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının III iclasının protokolu imzalanıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.İsmayılov/

Çərşənbə günü Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiyalar, texnika, mədəniyyət, idman və gənclər sahəsində hökumətlərarası komissiyanın III iclasının protokolu imzalanıb.

Trend-in məlumatına görə, protokolu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanının İnvestisiya Təşkilatının sədri Əbdüllətif əl-Osman imzalayıblar.

Komissiyanın iclasında Ş.Mustafayev bildirib ki, ölkələr arasında ticari-iqtisadi münasibətlər fəal inkişaf edir. Hazırda Azərbaycanda Səudiyyə Ərəbistanı kapitalı ilə altı şirkət çalışır. Onlar ölkə iqtisadiyyatına 368 milyon dollar sərmayə qoyublar: "Kreditlərin cəlb edilməsi sahəsində də işlər fəal inkişaf edir. Yaxın vaxtlarda ölkələrimiz arasında Xırdalanın su təchizatı sisteminin yaxşılaşdırılması üzrə 35 milyon dollar məbləğində kredit sazişinin imzalanacağı gözlənilir".

Ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə dünən keçirilən biznes forumunun nəticələri üzrə Azərbaycan Sahibkarlar Assosiasiyası ilə Səudiyyə Ərəbistanının Ticarət Palatası arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması məqsədəuyğun hesab edilib.

Nazirin qeyd etdiyi kimi, hazırda Azərbaycan bir sıra qlobal və regional enerji layihələrini həyata keçirir ki, onların arasında Azərbaycan qazının Avropaya ixracını təmin edəcək Trans Adriatik və Trans Anadolu boru kəmərləri də var.

Ölkə, həmçinin TRACECA və Şimal-Cənub dəhlizlərinin inkişafı, eləcə də Bakı-Tbilisi-Qars dəmiryolunun, yeni gəmiqayırma zavodunun və Bakı Beynəlxalq Ticarət Limanının tikintisi sayəsində iri nəqliyyat qovşağına çevrilir.

Mustafayev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəklədiyinə görə qarşı tərəfə minnətdarlığını bildirib və qeyd edib ki, Ermənistan öz təcavüzkar siyasəti səbəbindən regionda həyata keçirilən bütün iri layihələrdən kənarda qalır: "Ermənistanın bu layihələrdə iştirakı yalnız erməni tərəfinin işğalçılıq siyasətindən əl çəkməsi və Azərbaycan ərazilərini qaytarmasından sonra mümkün ola bilər".

Öz növbəsində, əl-Osman qeyd edib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla münasibətlərin inkişafına böyük diqqət ayırır və bunun üçün bütün imkanlar var.

İclasda biznes forumu çərçivəsində işlərin məhsuldarlığı qeyd olunub.Forum zamanı Səudiyyə Ərəbistanından kənd təsərrüfatı məhsullarının ixracı və Azərbaycana kənd təsərrüfatı texnikasının idxalı imkanları müzakirə olunub.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı şirkətlərinin Sumqayıt Kimya-Sənaye Parkında iştirakı, Azərbaycanda kərpic və keramik örtüklərin analoji istehsalının yaradılması məsələləri də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti