...

Azərbaycan, Gürcüstan və Türkiyə arasında model avtomagistralın yaradılması üzrə saziş layihəsi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2014 17:43 (UTC +04:00)
Bu gün Nəqliyyat Nazirliyində “Model Avtomagistral Təşəbbüsü” (MAT) layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilib.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında model avtomagistralın yaradılması üzrə saziş layihəsi müzakirə olunub

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bu gün Nəqliyyat Nazirliyində "Model Avtomagistral Təşəbbüsü" (MAT) layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilib.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, iclasda müasir yardımçı yol infrastrukturunun yaradılması istiqamətində üzv dövlətlər tərəfindən görülmüş işlər barədə məlumat verilib, üzv dövlətlər arasında MAT üzrə hökumətlərarası sazişin layihəsinin müzakirəsi aparılıb (Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında model avtomagistralın yaradılması haqqında saziş layihəsi), MAT-a üzv dövlətlərin şərhləri dinlənilib.

Həmçinin beynəlxalq təşkilatların, maliyyə institutlarının və digər potensial tərəfdaşların Model Avtomagistral Təşəbbüsünün həyata keçirilməsində rolu müzakirə olunub, Mərkəzi Asiyada və Cənubi Qafqazda MAT layihəsinin həyata keçirilməsində növbəti addımlar müzakirə edilib.

Xatırladaq ki, işçi qrupunun ilk iclası Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirləri tərəfindən imzalanmış Birgə Bəyannamənin müvafiq müddəalarının icrası ilə əlaqədar 2012-ci il noyabrın 28-də İzmir şəhərində keçirilib. İclasda Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan və Rumıniyanın Nəqliyyat nazirlikləri və nəqliyyat qurumlarının nümayəndələri iştirak edib. Beynəlxalq təşkilatlardan isə GUAM, TRASEKA-nın baş Katibi, Dünya Bankının Azərbaycan üzrə meneceri, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) BMT-dəki baş nümayəndəsi, eləcə də IRU-ya üzv assosiasiyalarından - ABADA və GIRCA-nın, həmçinin Rumıniya Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının baş katibi və Türkmənistanın Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının baş katibi iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti