Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Əliyev/
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Baghlan Group FZCO"-nun emitent defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü agentliyin yaydığı xəbərdə deyilir.
"Fitch", həmçinin şirkətin ötən ilin dekabrında planlaşdırılan, lakin həyata keçirilməyən təmin edilmiş istiqrazlarının gözlənilən B-(EXP) emissiya reytinqini geri çağırıb.
Müvafiq olaraq, "Fitch" daha mövcud emitentə reytinq vermir və onunla bağlı təhlil aparmır.
Məlumatda deyilir ki, "Baghlan"ın reytinqinin aşağı salınması borc öhdəlikləri üzrə ödənişlərin həyata keçirilməməsini əks etdirir: "Reytinq ona görə geri çağırılıb ki, "Fitch"in reytinqləri dəstəkləmək üçün kifayət qədər informasiyası yoxdur".
Agentlik qeyd edir ki, "Baghlan" 2013-cü il dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. 2014-cü il martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib.