Azərbaycan, Bakı, 29 aprel /Trend/
Bu gün Zərdab rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fevralın 5-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda verilən tapşırıqlar və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub. Qeyd edilib ki, əvvəlki dövlət proqramlarının məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir.
S.Məmmədov bu ilin fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans"da ölkə başçısı tərəfindən verilmiş tapşırıqların yeni regional Dövlət Proqramının hazırlanması və icrasında xüsusi rolunu vurğulayıb. Hazırda Dövlət Proqramında müəyyənləşdirilmiş vəzifələr uğurla icra olunur. 2014-cü ilin birinci rübü ərzində də ölkə iqtisadiyyatında inkişaf dinamikasının yüksələn xətlə davam etdiyini bildirən S.Məmmədov bu dövrdə 29 min yeni iş yerinin və 3 minə yaxın yeni müəssisənin yaradıldığını vurğulayıb. Bildirilib ki, 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub və bu istiqamətdə də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Zərdab rayonunda da infrastruktur təminatının yaxşılaşdığını, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib. İcra başçısı çıxışında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Zərdab rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Aran və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat verib.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Orxan Bayramov sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat veriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.