...

AİB Rəhbərlər Şurasının Bakıda keçiriləcək 48-ci toplantısına hazırlığın gedişi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2014 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) baş katibi Vookonq Umun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə AİB-in Rəhbərlər Şurasının 2015-ci ilin 2-5 may tarixlərində Bakı şəhərində keçiriləcək 48-ci İllik Toplantısına hazırlığın gedişi müzakirə olunub.

S.Şərifov dövlət başçısının sərəncamı ilə AİB-in Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək İllik Toplantısı ilə bağlı Təşkilat Komitəsinin yaradıldığını xatırladaraq, hazırlıq prosesinin yüksək səviyyədə, plana uyğun getdiyini və hər hansı gecikmələrin olmayacağını bildirib. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulayan nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf, ölkənin bu sahədəki təcrübəsi, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, tranzit və logistika sahəsində ölkəmizin əlverişli imkanlarının olması, paytaxtdakı mövcud olan hotellərin sayı və tutumu, o cümlədən yüksək təhlükəsizlik və sabitlik bu cür əhəmiyyətli tədbirləri keçirməyə tam imkan verir.

Azərbaycanın ev sahibi ölkə kimi İllik Toplantıya hazırlığını yüksək qiymətləndirən AİB-nin Baş katibi ölkəmizin uğurlu iqtisadi inkişafını qeyd edib və bankın Rəhbərlər Şurasının Bakıda keçiriləcək 48-cı İllik toplantısının uğurlu olacağına əminliyini ifadə edib. Qeyd olunub ki, İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 4 mindən çox qonağın iştirakı gözlənilir.

Görüşdə, həmçinin İllik Toplantı ilə bağlı ev sahibi ölkənin öhdəlikləri, texniki tapşırıqlar, həmçinin AİB-in prezidenti Takehiko Nakaonun noyabr ayında Azərbaycana gözlənilən səfəri barədə fikir mübadiləsi də aparılıb.

AİB nümayəndə heyətinin bir həftə davam edəcək səfəri zamanı Təşkilat Komitəsinə daxil olan qurumların nümayəndələri ilə bir sıra görüşlər keçiriləcək və İllik Toplantıya hazırlıqla bağlı məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 22 dekabr 1999-cu ildə üzv qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti