...

9 ay ərzində istehlaka yararsız 46,3 ton ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2014 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması məqsədilə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və istahlakçıların iştirakı ilə maarifləndirmə tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti belə tədbir noyabrın 21-də Mingəçevirdə keçirilib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev əvvəlcə 2014-cü ilin yanvar-oktyabr aylarında Dövlət Xidməti tərəfindən keçirilmiş nəzarət tədbirləri barədə məlumat verib. Bildirilib ki, bu ilin 9 ayı ərzində mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 46,3 ton ərzaq və 0,3 ton qeyri-ərzaq malları qanunamüvafiq qaydada satışdan çıxarılaraq məhv edilib.

Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin mühüm əhəmiyyət daşıdığını qeyd edib, bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, bu il ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilir, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatlar yayılır. İstehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq istehlakçılara paylanılması maarifləndirmə işinə müsbət töhfə verir. Belə ki, 2014-cü ilin əvvəlindən ötən dövr ərzində istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində 16 adda 75 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.

Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Çıxış edənlər maarifləndirmə işlərinin mühüm əhəmiyyətini bir daha vurğulayıb, istehlakçıların isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub.

Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

Tədbirin sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti