Azərbaycan, Bakı, 3 dekabr /Trend/
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü il noyabrın 28-də Xəzər rayonunun Binə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, SKMF tərəfindən Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- ət kəsimi müəssisəsinin yaradılması;
- istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması;
- plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.