...

Azərbaycan sığortaçıları avtomobillərin vahid qiymətləndirilməsini tətbiq edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2014 20:13 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığorta şirkətlərinin avtomobil üzrə anderrayterlərinin və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə mütəxəssislərinin iştirakı ilə görüş keçirilib.
Azərbaycan sığortaçıları avtomobillərin vahid qiymətləndirilməsini tətbiq edəcəklər

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığorta şirkətlərinin avtomobil üzrə anderrayterlərinin və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə mütəxəssislərinin iştirakı ilə görüş keçirilib.

Trend-in ASA-ya istinadən verdiyi məlumata görə, görüş assosiasiyanın noyabrın 11-də baş tutmuş Könüllü sığorta komitəsinin iclasının yekunları əsasında təşkil edilib.

Həmin iclasda "Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları"nda öz əksini tapmış sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli (1 ildən artıq bağlanmış) müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə edilmişdi. Məsələ ondadır ki, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqı müəyyən olunarkən müştərilərlə sığortaçılar arasında anlaşılmazlıq yaranır. Buna görə də məsələnin qiymətləndirmə ilə məşğul olan sığorta mütəxəssislərinin iştirakı ilə müzakirə edilməsinə qərar verilib.

Ötən gün keçirilmiş iclasda qərara gəlinib ki, bir neçə sığorta şirkətinin nümayəndəsinin iştirakı ilə vahid qiymətləndirmə cədvəli hazırlansın. Bu cədvələ əsasən, avtomobillərin istehsal olunduğu ölkə, marka və istehsal ilindən asılı olaraq onların bazar dəyəri müəyyən ediləcək. Yəni müəyyən edilmiş əmsallar (faiz göstəriciləri) əsasında hər bir maşının istehsalından neçə il keçməsindən asılı olaraq onun ilkin satış dəyərini nə qədər itirdiyi hesablanacaq. Beləliklə, işlənmiş avtomobillər sığortalanarkən sığorta məbləği və sığorta haqqı ilə bağlı mübahisələr aradan qalxacaq.

İclasda ASA-nın sədri Orxan Bayramov, hüquqşünası Cavid Məhərrəmov, "Buta Sığorta"dan Elçin Süleymanov və Əmirxan Səlimov, AXA MBASK-dan Elnarə Abbasova və Elman İmranov, "Atasığorta"dan Rüfət Cahangirov və Əmrulla Kərimov, "Azərbaycan Sənaye Sığorta"dan Kənan Əsgərov və Pərvin Rüstəmov, "Amrah Sığorta"dan Rəşad Salıfov, "Qarant Sığorta"dan Şahin Vəliyev iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti