...

Şahin Mustafayev ilk vətəndaş qəbulunu Neftçalada keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2015 16:18 (UTC +04:00)
2015-ci ildə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 16-də Neftçalada keçirilib.
Şahin Mustafayev ilk vətəndaş qəbulunu Neftçalada keçirib (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Dövlət başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bu il də bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

2015-ci ildə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 16-də Neftçalada keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Salyan, Neftçala və Biləsuvar rayonlarından olan 50-ə yaxın vətəndaş iştirak edib.

Vətəndaşlar, əsasən, istehsal və emal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək göstərilməsi, güzəştli kreditlərin verilməsi, yaşayış məntəqəsinin qazlaşdırılması, kənd yollarının tikintisi, elektrik xətlərinin yenilənməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlər diqqətlə dinlənilib, Ş.Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digərləri nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən qanunvericiliyə uyğun operativ araşdırılaraq, müvafiq tədbirlər görüləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, əkinçilik, heyvandarlıq, çörəkbişirmə, balıqçılıq, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, ötən il iqtisadiyyat və sənaye naziri Ş.Mustafayevin 11 vətəndaş qəbulu keçirilib, qəbullarda 700-dən çox vətəndaş müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti