...

Milli etalonlarımızın beynəlxalq səviyyədə tanınması asanlaşacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2015 14:12 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CİPM) Qarşılıqlı Tanınma Razılaşmasını (MRA) imzalayıb.
Milli etalonlarımızın beynəlxalq səviyyədə tanınması asanlaşacaq

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CİPM) Qarşılıqlı Tanınma Razılaşmasını (MRA) imzalayıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin yanvar ayından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi timsalında metrologiya sahəsində əsas beynəlxalq təşkilatlardan olan Çəkilər və Ölçülər üzrə Baş Konfransa (CGPM - Conférence Générale des Poids et Mesures) assosiativ üzv olub. Bu məqsədlə bir neçə gün öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CİPM) Qarşılıqlı Tanınma Razılaşmasını (MRA) imzalayıb.

Beləliklə, Qarşılıqlı Tanınma Razılaşmasının imzalanması metrologiya sahəsində aşağıdakı nailiyyətlərin əldə edilməsinə imkan verəcəkdir:

- Azərbaycan Respublikasında həyata keçirilən ölçmələrin nəticələrinin, həmçinin kalibrləmə sertifikatlarının beynəlxalq tanınmasının təmin olunmasına;

- Azərbaycan Respublikasının müəssisələrində məhsul istehsalının keyfiyyət göstəricilərinə nəzarət üçün aparılan ölçmələrin nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etməklə, həmin məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə tanınmasına müsbət rəyin yaradılmasına;

- Azərbaycan Respublikasının milli etalonlarının beynəlxalq tutuşdurulmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınmasına;

- Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsinə və s.

Qeyd edək ki, Metrik Konvensiya 20 may 1875-ci il tarixində Parisdə 17 ölkənin hökumətlərinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış beynəlxalq Konvensiyadır. Metrologiya sahəsində elmi-texniki tərəqqinin əsasını qoymuş bu sənədlə ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sisteminin tətbiq edilməsinə başlanılmış və onun əsasında Beynəlxalq Vahidlər Sistemi yaradılmışdır. Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro Metrik Konvensiyanın imzalanması ilə təsis olunmuş dövlətlərarası beynəlxalq təşkilatdır və Çəkilər və Ölçülər üzrə Baş Konfransın daimi fəaliyyət göstərən işçi orqanıdır. Çəkilər və Ölçülər üzrə Baş Konfransa üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata keçirirlər. Bu təşkilatın işinin elmi istiqaməti ölçmələrin metrik sisteminin təkmilləşdirilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti