Azərbaycan, Bakı, 3 aprel /Trend/
Yerli media nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəldilmiş işgüzar jurnalistikanın inkişaf etdirilməsi üzrə layihə başa çatıb. Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın "British Council" və "Thomson Foundation" ilə əməkdaşlıq əsasında həyata keçirdiyi layihə, jurnalistlərin Böyük Britaniyaya bir həftəlik ezamiyyəti ilə yekunlaşıb.
Bankdan Trend-ə verilən məlumata görə, bu müddət ərzində Azərbaycanın media nümayəndələri "The Telegraph", "BBC" kimi dünyanın aparıcı media holdinqlərinin redaksiyalarında olublar. Jurnalistlər xarici həmkarların təcrübəsi və media strukturlarının iş prinsipləri ilə tanış olublar. Lordlar Palatasına, London Fond Birjasına və s. məkanlara işgüzar səfərlər ediblər.
Məqsəd avropalı həmkarların çoxillik təcrübəsi ilə tanış olub əldə edilən bacarıqlardan ölkədə baş verən iqtisadi dəyişikliklər və müxtəlif biznes prosesləri barədə daha peşəkar səviyyədə məlumatların təhlili və yayımlanması, iqtisadi və biznes mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Bu cür layihələrin həyata keçirilməsi PAŞA Bankın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsini təşkil edir.
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013, 2014 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.
www.pashabank.az