Azad Həsənli - Trend:
İnsanların maddi vəziyyəti yaxşılaşdıqca əlavə vəsait yaranır ki, onlar da bu vəziyyətdən istifadə edərək sərfəli şəkildə investisiya qoymaq istəyirlər. Bu zaman belə bir məntiqi sual ortalığa çıxır: Maksimum qazanc əldə etmək üçün Azərbaycanda hansı sahəyə vəsait qoymaq lazımdır?
İnvestisiya üçün ölkədə kifayət qədər imkan var, lakin ən populyar variantlardan biri, şübhəsiz, bank depozitidir.
Ölkədə fəaliyyət göstərən banklar illik 9-16 faiz dərəcələri ilə depozit hesabı açmaq imkanı təklif edir.
Əlbəttə, işin müsbət tərəfi 30 minə qədər əmanətlərin Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sığortalanmasıdır. Bu məbləğ isə ölkədə bütün əmanətlərin təqribən 90 faizini üstələmir. Ancaq bu, faiz dərəcəsi 12 faizədək olan depozitlərə aiddir. Belə olduğu təqdirdə, seçim etmək lazım gələcək. Hansı daha əhəmiyyətlidir? Yüksək gəlir, yoxsa bank iflas olduğu təqdirdə əmanətin təhlükəsizliyi?
Məsələnin çatışmayan cəhəti kimi aşağıdakını qeyd etmək olar: əmanətlər üzrə yüksək faiz əldə etmək üçün vəsait müəyyən müddət ərzində - adətən, bu, bir il və ya daha çox olur - toxunulmaz qalmalıdır. Yəni müştəri sənəddə göstərilən müddətdən daha tez müddətə hesabından vəsait çıxarmaq istəsə, gəlirsiz qalmaq, bəzən isə müəyyən cərimə ödəmək riski ilə üzləşir.
Yalnız Azərbaycanda deyil, bütün dünyada digər ənənəvi investisiya obyekti daşınmaz əmlakdır. Bu variant gəlir əldə etmək üçün həmişə sabit və yüksək qazanclı mənbə hesab edilib. Amma "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimovun fikrincə, cari il bu sahəyə investisiya üçün elə də yaxşı dövr deyil: "Daşınmaz əmlak sabit gəlir əldə etmək imkanı verir ki, bu da investorları cəlb edir. Bununla yanaşı, yaxşı olardı ki, bu sahəyə gələn ildən investisiya qoyulsun. İş orasındadır ki, Bakıda indiyə kimi daşınmaz əmlakın qiymətləri ucuzlaşmaqda davam edir. Bu proses gələn ilin əvvəlində də davam edəcək və özünün minimumuna çatacaq. Məhz bu zaman bu sahəyə vəsait qoymaq lazımdır".
Daşınmaz əmlak investisiyanın ən gəlirli sahələrindən biridir. Şübhəsiz, məsələnin müsbət cəhəti ondan ibarətdir ki, gəlirlilik səviyyəsi, məsələn, yeni tikili ilə inflyasiyanın artım tempini əhəmiyyətli dərəcədə üstələyir. Bundan başqa, depozitdən fərqli olaraq, mənzili alarkən onu nə vaxt satacağını və ya ondan nə vaxt gəlir əldə edəcəyini ev sahibinin özü müəyyənləşdirir.
Lakin sadalanan hər iki variant müəyyən vəsait ehtiyatı olan şəxslərə uyğun gəlir. Bəs bu ehtiyatı olmayanlar və ya ehtiyatı az olanlar nə etməlidir?
Belə olduğu təqdirdə, optimal variant həyat yığım sığortası ola bilər. Azərbaycanda həyat sığortası ilə məşğul olan 3 sığorta şirkəti var: PAŞA Həyat, Atəşgah Həyat və Qala Həyat.
Qeyd olunduğu kimi, həyat yığım sığortasına vəsait yatırmanın müsbət tərəflərindən biri odur ki, bunun üçün böyük həcmdə məbləğ lazım deyil - sığorta pulunun minimal aylıq həcmi 100 manat təşkil edir. Bununla yanaşı, həyat sığortası özündə iki funksiya daşıyır: yığım və ölüm hallarından, əlillik və qocalığa görə sığorta.
İnvestisiya prinsipi aşağıdakı şəkildə həyata keçirilir: müştəri hər ay sığorta şirkətlərinə minimum 100 manat ödəyir. Həyat yığım sığortası üzrə müqavilənin minimal müddəti 3 il təşkil edir. Bu müddət başa çatdıqdan sonra müştəri qoyduğu vəsaiti və gəlir vergisindən asılı olaraq gəlirini alır.
Sığorta şirkətlərinə ödənilən sığorta puluna gəlir vergisinin (əməkhaqqından asılı olaraq 14-25 faiz) daxil edilməsi də çox əhəmiyyətli məsələdir. Sığorta şirkəti ilə üçtərəfli müqavilə (sığorta olunan, ona iş verən və sığorta şirkəti) bağlandığı halda, sığorta puluna məcburi dövlət sosial sığorta ödənişi də daxil edilir.
Qiymətli kağızlar vəsaitin qoyulması üçün elə də populyar variant deyil. Qiymətli kağızlar bazarı investordan xüsusi biliklər tələb edir. Bundan başqa, qiymətli kağızlar yüksək riskli investisiya hesab edilir. Qiymətli kağızlardan gəlir əldə etmək üçün bu sahədən baş çıxarmaq, daim bazarı izləmək və dəyişikliklərə operativ reaksiya vermək lazımdır.