...

Azərbaycanda Ro-Ro tipli gəminin əsaslı təmiri yekunlaşdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2015 14:37 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Ro-Ro tipli “Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmirdən çıxıb.
Azərbaycanda Ro-Ro tipli gəminin əsaslı təmiri yekunlaşdı

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Maksim Tsurkov/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Ro-Ro tipli "Bəstəkar Fikrət Əmirov" gəmisi əsaslı təmirdən çıxıb. Trend xəbər verir ki, bu barədə QSC-nin saytında yayılan xəbərdə deyilir.

Məlumatda bildirilir ki, "Bəstəkar Fikrət Əmirov" gəmisi cari ildə "Zığ" Gəmi Təmiri Zavodunda beynəlxalq tələblərə uyğun təmir olunan sayca 22-ci gəmidir.

Martın 10-dan başlayan təmir işləri bütün gəmini əhatə edib. Belə ki, gəminin 3350 kv.m. sualtı və 2580 kv.m. suüstü hissələri təmizlənərək rənglənib. Yük anbarlarında, ballast bölmələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib. Bu məqsədlə bütövlükdə 30 ton metal işlədilib. Gəminin baş və köməkçi mühərrikləri, avar valı, sükan və yardımçı sükan qurğuları, bütün nasosları əsaslı təmir olunub. Bundan əlavə, gəminin yanğınsöndürmə, qurutma, soyutma, buxar, içməli su sistemləri də yüksək keyfiyyətlə bərpa edilib.

Bundan başqa qeyd edilir ki, sərnişin kayutları, gəmi heyətinin yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri də təmir olunub. "Bəstəkar Fikrət Əmirov" gəmisi zavodun körpüsünü tərk etdikdən sonra hər səfərdə təkərli texnika ilə yanaşı, 36 sərnişin də daşıya biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti