Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
Sentyabrın 16-da Dövlət Sosial Müdafiə Fondu növbəti - "Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması", "Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması" və "Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu" elektron xidmətləri ilə bağlı təqdimat mərasimi keçirib.
Trend-in məlumatına görə, mərasimi giriş sözü ilə açan Fondun sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasını təmin edən ciddi islahatların aparılması və çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafına nail olunması nəticəsində bütün istiqamətlər üzrə konkret proqramlar icra edilib, əhalinin müxtəlif təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər gerçəkləşdirilib.
Qeyd olunan nəticələrin əldə edilməsində ölkənin sığorta-pensiya sisteminin köklü islahatı tədbirləri də mühüm rol oynamışdır.
Hazırda Azərbaycanda müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur. Bu sahədə görülən işləri məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması, pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması istiqamətində qruplaşdırmaq olar.
Daha sonra Dövlət Sosial Müdafiə Fondunun sədri E.Mehdiyev vurğulayıb ki, "Elektron hökumət" portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 8 ayı ərzində Fondun öz saytı, "Elektron Hökumət" portalı və "Hökumət ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü il müqayisədə 2 dəfə artıqdır. Ən çox müraciət olunan elektron xidmətlər sırasında məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi, sığortaolunanın onlayn uçota alınması, sığortaolunanlara məlumatların verilməsi, sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sosial sığorta müavinətlərinin ödənişi sahəsindəki elektron xidmətlər yer alıb.
Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilib. 2015-ci il ərzində bu məqsədlə çoxsaylı mərkəzi və regional təqdimatlar, kütləvi informasiya vasitələri arasında müsabiqə keçirilib, elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı televiziya kanallarında yayımlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərib. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan "Doing Business 2015" hesabatında 32 pillə irəliləyib. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 23 faiz azalıb.
Cari il ərzində bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər yekunlaşmaq üzrədir.
Daha sonra Fond sədri ictimaiyyətə təqdim olunan "Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması", "Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması" və "Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu" adlı yeni xidmətlər barədə məlumat verərək vurğulayıb ki, bu elektron xidmətlər vasitəsi ilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlərin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin və itkisinin aradan qaldırılmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaqdır.
Sonra DSMF-nin şöbə müdiri Nigar Pənahova ictimaiyyətə təqdim olunan yeni 3 elektron xidmət barədə məlumat verərək bildirmişdir ki, bu xidmətlər interaktiv olmaqla yanaşı xidmətlərdən istifadə ödənişsizdir. Təqdimat mərasimində "Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması", "Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması" və "Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu" elektron xidmətlərinin üstünlükləri barədə məlumat verilmişdir. Bu xidmətlərdən istifadə kağız daşıyıcılarından istifadə ilə yanaşı vaxt itkisinin aradan qalxmasına, eyni zamanda şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.
Tədbirdə DSMF-nin yeni elektron xidmətlərindən istifadə qaydaları da nümayiş etdirilib.