Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və investisiyaların təşviqi ilə bağlı mexanizmin və normativ hüquqi aktın hazırlanması məqsədilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilsin.
İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını bir ay müddətində müəyyən edəcək.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmanla təsdiq edilmiş Qaydanın 10-cu hissəsinə uyğun olaraq investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.