...

Azərbaycanda xarici bankların mövcudluğu bu sektorda islahatları stimullaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2016 15:36 (UTC +04:00)
Sabit və risklərə dayanıqlı maliyyə-bank sistemi hər bir iqtisadiyyatın uğurlu inkişafının əsasıdır.
Azərbaycanda xarici bankların mövcudluğu bu sektorda islahatları stimullaşdırır

Bakı. Azad Həsənli, Ənvər Məmmədov - Trend:

Sabit və risklərə dayanıqlı maliyyə-bank sistemi hər bir iqtisadiyyatın uğurlu inkişafının əsasıdır. Böhran zamanı "təbii şeçim"in baş verməsi, zəiflərin bazarı tərk etməsi normal, hətta lazımlı bir prosesdir. Bazarda güclü bankların olması rəqabəti gücləndirir və ümumi sistemə olan etibarı artırır.

Azərbaycan bankları qarşısında bu gün duran əsas məsələ ölkə iqtisadiyyatının modernləşdirilməsini maliyyələşdirməkdən ibarətdir. Bunun üçün isə banklar, ilk növbədə, özləri modernləşməli, aktivlərini kifayət qədər artırmalı, korporativ idarəetməni təkmilləşdirməlidirlər. Bu istiqamətdə müəyyən addımlar nizamlayıcı tərəfindən də atılır və bu prosesə iqtisadi böhrandan öncə start verilib. Belə ki, Azərbaycan Mərkəzi Bankı bankların məcmu kapitalına olan tələbin 5 dəfə artırılması barədə qərar qəbul etmişdir ki, bu da bazarda güclü oyunçuların yaranmasını stimullaşdırmalı idi.
Maraqlıdır ki, bu qərar xarici investorlar üçün müsbət siqnal oldu: xarici banklar Azərbaycan bazarına yenidən maraq göstərməyə başladı. Türkiyənin İş Bankası, Almaniyanın Commerzbank-ı və ABŞ-ın Citibank-ı kimi nəhəng banklar belə bir planlarının olduğunu artıq səsləndirmişlər.

Hazırda xarici banklar və ya xarici kapital payı olan banklar Azərbaycan bank sektorunun 50%-ni təşkil edir. Bu göstərici AYİB, QTİB, KFW Almaniya inkişaf bankı (DEG törəmə şirkəti qismində), Beynəlxalq Maliyyə Korporasiyası, SIDT, eləcə də Kazemir Partner Limited ABŞ investisiya fondu Azərbaycanın bir sıra iri kommersiya banklarının səhmlərininn bir hissəsini aldıqdan sonra formalaşıb.

Xarici kapitalın Azərbaycana axını bir neçə müsbət tərəflərə sahibdir. Bu, beynəlxalq standartlara uyğun güclü oyunçuların gəlməsi sayəsində bank sektorunun möhkəmlənməsi, bu sahədə idarəetmə səviyyəsinin yeni mərhələyə qalxması və nəticədə Azərbaycan banklarının xarici maliyyə mənbələrinə çixişını təmin edir. Əhali üçün xarici banklarla işləməyin əsas üstünlüyü bu bankların daha böyük maliyyə imkanlarına sahib olmasıdır. Belə banklar maliyyə resurslarını yüksək faiz dərəcəsi ilə əhalidən əmanət cəlb etmək vasitəsi ilə əldə etmədiyi üçün nisbətən aşağı faizlə kredit məhsulları təklif edə bilir. Bununla da, xarici banklar yerli banklar üçün ciddi rəqibə çevrilir ki, bu da sürətli inkişaf və böyümək üçün təkan rolu oynayır.

Dünya Bankının mütəxəssisləri tərəfindən aparılan tədqiqatlar göstərir ki, xarici bankların gəlişi əksər hallarda bank sisteminin makroprudensial siyasətinə əhəmiyyətli təsir göstərir.

İnkişaf edən bazarlardakı xarici kapitalın iştirak etdiyi banklar, əsasən, daha yüksək faiz marjasına və gəlirliyə sahibdir. Bundan əlavə onlar daha çox vergi ödəyir. Bununla belə, bir sıra ekspertlər yerli bazara xarici bankların girişinə şübhə ilə yanaşır. Məsələn, tanınmış iqtisadçı-ekspert Fərhad Əmirbəyovun fikrincə, indiki şəraitdə yerli bankların inkişafını dəstəkləmək daha məqsədəuyğundur. Güclü rəqiblərin bazara girişi onların zəyifləmiş biznesini bir qədər də sarsıda bilər. İqtisadçı bazarın tamamilə liberallaşmasına görə məhv olan bir sıra Baltik və Şərqi Avropa ölkəsinin bank sistemini misal çəkir. Eləcə də, ekspert xatırladır ki, 2008-ci ilin dünya böhranının səbəbi iri sistemli banklar olub. Məhz onların digər ölklələrinin iqtisadiyyatında mövcudluğu "zəhərli aktivlər" virusunun "yayılmasına" səbəb olmuşdur.

Amma bu fikirlərin əksinə olaraq bəzi ekspertlər bildirirlər ki, artıq bir neçə ildir Rusiya nəhəng VTB bankı, Türkiyənin ZiraatBankının törəmə banklar, xarici kapitalın iştirak etdiyi UniBank, Nikoil Bank, AccesBank, Bank Respublika kimi banklar Azərbaycanda müvəffəqiyyətlə fəaliyyət göstərir. Bu bankların hamısı hələlik "böhran sınağını" uğurla keçir və qazandıqları müştəri etibarını qorumağa çalışır.

Misal üçün, VTB dünyanın 30-dan çox ölkəsində işləyən iri beynəlxalq maliyyə qurumudur. Aydındır ki, onun Azərbaycandakı törəmə bankı iri həcmli layihələrə (100 mln dollardan başlayan) sərmaye yatırmaq imkanına malikdir. Ekspertlər hesab edir ki, bundan başqa, unutmaq lazım deyil ki, VTB qrupa Avropa, Asiya, Afrikada bir sıra banklar, Sinqapur, İtaliya və digər ölkələrdə nümayəndəliklər daxildir. Bu o deməkdir ki, VTB ilk növbədə həm Rusiya, həm Azərbaycan müştərilərinin beynəlxalq ticarətə çıxışına istiqamətlənib. Onların sözlərinə görə, ikinci üstünlük ondan ibarətdir ki, VTB qrupda həm korporativ, həm pərakəndə biznes üçün müxtəlif məhsullar üzrə yaxşı hazırlanmış texologiya mövcuddur. Bu, beynəlxalq standartlara əsasən çalışmağa, Azərbaycanda müştərilərə yüksək keyfiyyətli xidmət göstərməyə, həm kiçik bizneslə, həm iri biznes-strukturlarla işləməyə imkan verir. İri layihələrin reallaşması zamanı bank baş ofisdən dəstək ala bilir. O ki qaldı fiziki şəxslər olan müştərilərə, burada da iri bankların nümayəndələri daha çox imkana sahibdir. Hələlik yerli bankların əksəriyyəti dollarla krediti olan müştərilərin, kredit müqavilələrinin şərtlərinə yenidən baxılması tələbinə heç cür reaksiya verə bilməyib. Eyni zamanda, VTB (Azərbaycan) artıq kredit ödənişində çətinliklərlə üzləşən müştəriləri üçün xüsusi kompleks proqram təqdim edib. Rusiya təcrübəsinə əsaslanan menecmentin qərarı müsbət effekt verəcək, çünki hazırda borcu olan müştəriləri ən azından imkanları çatdığı qədər ödəniş etməyə stimullaşdırmaq vacibdir.

Türkiyənin Ziraatbank-ının da fəaliyyəti həmçinin əsasən Azərbaycan-Türkiyə birgə biznesinin dəstəklənməsinə, hər iki ölkədən olan biznesmenlər üçün bank əməliyyatlarının asanlaşdırılmasına istiqamətlənib.

Xarici bankların fəaliyyət göstərməsi bank bazarında yeni məhsulların inkişaf etdirilməsi baxımından da vacibdir. Misal üçün, aktivlərinin idarəedilməsi, qiymətli kağızların yerləşdirilməsi və ya sərmayələrlə bağlı bir sıra xidmətlər ölkəmizdə kifayət qədər inkişaf etməyib. Maliyyə bazarlarında bir çox innovasiyalı məhsullar var ki, onların hər birinin tətbiqi müəyyən xərclərə yol açır. Bunun üçün müvafiq infrastruktur, əməkdaşlar, prosedurlar tələb olunur. Yenə söz açdığımız VTB qrupa müraciət etsək, dünyanın ən böyük və güclü maliyyə strukturlarından biri, qiymətli kağızların cəlb edilməsi və yerləşdirilməsi üzrə ixtisaslaşmış VTB Kapital da bu qrupa aiddir. Azərbaycanda hələ ki, təqaüdün sığortalanması sistemi inkişaf etmədiyi halda VTB qrupda bu fəaliyyət növü üzrə ixtisaslaşmış VTB Pensiya fondu var. Bütün bunlar banka bizim bazarda yeni xidmətlərin inkişaf etdirilməsinə şərait yaradır.

İqtisadi elmlər doktoru, professor Zahid Məmmədovun sözlərinə görə, xarici bankları Azərbaycana cəlb etmək və onlar üçün şərait yaratmaq vacibdir: "Əvvəllər biz deyirdik ki, buna ehtiyac yoxdur, amma indi bu belə deyil. Xarici bankların gəlişi bazarda rəqabət yaradacaq. Hansı bank daha keyfiyyətli fəaliyyət göstərirsə, daha ucuz kredit verirsə, etibarlılığı təmin edir və depozitlər üzrə daha uyğun şərtlər təklif edirsə, o bank bazarda qalacaq". Bu mənada Rusiya bankının Azərbaycandakı fəaliyyəti təqdirəlayiqdir. "Sistemli" bankın bir hissəsi kimi belə bankların öz müştərilərini böhranın nəticələrindən qorumağa daha çox imkanı var. Azərbaycanda belə bank nə qədər çox olarsa, bazar daha tez möhkəmlənər. Z.Məmmədovun fikrincə, xarici banklar üçün müəyyən vergi güzəştləri tətbiq etmək olardı. Bütün bunlar isə Bakını beynəlxalq maliyyə mərkəzinə çevirməyə və ölkəyə iri kapital axınını təmin etməyə şərait yarada bilərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti