...

Yanvarın 1-dək alınmış buğda və çörəyə görə ödənilmiş ƏDV yenidən hesablanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2016 19:01
Vergilər Nazirliyi buğda ununun və çörəyin istehsalının və satışının 2016-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilməsi barədə məlumat yayıb.
Yanvarın 1-dək alınmış buğda və çörəyə görə ödənilmiş ƏDV yenidən hesablanacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Vergilər Nazirliyi buğda ununun və çörəyin istehsalının və satışının 2016-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilməsi barədə məlumat yayıb.

Trend-ə daxil olan məlumatda deyilir ki, 19 yanvar 2016-cı il tarixli qanunla Vergi Məcəlləsinə yeni - 164.1.27-ci maddə əlavə edilərək buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2016-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib. Həmin qanun 19 fevral 2016-cı il tarixdə "Azərbaycan" qəzetində dərc olunub.

Bununla əlaqədar Vergilər Nazirliyi aşağıdakıları bildirir:

- 1 yanvar 2016-cı il tarixdən başlayaraq buğdanın idxalına və satışına, buğda ununun və çörəyin istehsalına və satışına ƏDV-nin tətbiqi dayandırılır;

- 1 yanvar 2016-cı il tarixədək alınmış buğdaya, buğda ununa və çörəyə görə ödənilmiş və büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilmiş ƏDV məbləğləri yenidən hesablanmalı, dövlət büdcəsinə bərpa edilməli və həmin ƏDV məbləğləri bu malların dəyərinə aid edilməlidir.

- 2016-cı il yanvar ayının 1-dən fevral ayının 19-dək ƏDV ödənilməklə alınmış mallara görə bağlanmış müqavilələrdə dəyişiklik edilməklə buğdanın, buğda ununun və çörəyin satışının ƏDV-dən azad olunması göstərilməli, onların qiymətlərinə müvafiq dəyişikliklər edilməli, əvəzləşdirilmiş və hesablanmış ƏDV məbləğləri vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi yolu ilə yenidən hesablanmalıdır. Dəqiqləşdirmələr qiymətləndirmə bazasında dəyişiklik baş verdiyi hesabat dövründə, yəni 2016-cı ilin fevral ayının ƏDV bəyannaməsində aparılmalıdır.

Nazirlik qeyd edilənlərlə yanaşı bildirir ki, Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən ƏDV-dən azad edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayıldığı üçün 1 yanvar 2016-cı il tarixdən ƏDV tətbiq edilməklə buğdanın, buğda ununun və çörəyin satışı həyata keçirildiyi halda bu əməliyyatlar ƏDV-nin vergitutma obyekti sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti