...

Dövlət büdcəsinin kəsrinin maliyyələşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 13:44 (UTC +04:00)
“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə büdcə kəsirinin yuxarı həddi 1662000,0 min manat məbləğində təsdiq edilmiş, hesabat ilinin sonuna dövlət büdcəsinin kəsiri 286570,5 min manat təşkil edib.
Dövlət büdcəsinin kəsrinin maliyyələşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb

Bakı. Trend:

"Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə büdcə kəsirinin yuxarı həddi 1662000,0 min manat məbləğində təsdiq edilmiş, hesabat ilinin sonuna dövlət büdcəsinin kəsiri 286570,5 min manat təşkil edib.

Bu barədə Trend-ə Hesablama Palatasından məlumat verilib.

Bildirilir ki, 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar 29000,0 min manat məbləğində nəzərdə tutulub, 24089,2 min manat məbləğində icra edilmişdir ki, nəticədə dövlət büdcəsinə 2015-ci il üçün nəzərdə tutulduğundan 4910,8 min manat və ya 16,9% az vəsait daxil olub.

Əmlak Məsələləri Dövlət Komitəsindən Hesablama Palatasına təqdim olunmuş məlumatlara əsasən özəlləşdirmədən daxilolmaların 35,0%-i kiçik dövlət müəssisə və obyektləri, icarəyə verilmiş qeyri-yaşayış sahələri, yarımçıq tikililərin və daşınar dövlət əmlakının hərrac və birbaşa əmək kollektivinə satışından, 3,4%-i İnvestisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından, 4,2%-i səhmdar cəmiyyətlərinə çevrilmiş dövlət müəssisələrinin (obyektlərinin) səhmlərinin pul hərraclarında satışından, 57,3%-i özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından, 0,2%-i özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud qismən dövlətə məxsus (nizamnamə kapitalında dövlət payı olan) səhmdar cəmiyyətlərin dividendlərindən ibarət olub.

2015-ci ildə özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricisinin yerinə yetirilməməsi əsasən investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmaların nəzərdə tutulduğundan az icra olunması ilə əlaqədar olmuşdur.

Eyni zamanda, kiçik dövlət müəssisə və obyektləri, icarəyə verilmiş qeyri-yaşayış sahələri, yarımçıq tikililərin və daşınar dövlət əmlakının hərrac və birbaşa əmək kollektivinə satışından 1133,9 min manat məbləğində əlavə vəsait daxil olmuşdur.

Əmlak Məsələləri Dövlət Komitəsindən Hesablama Palatasına təqdim olunmuş məlumatlara əsasən, özəlləşdirmədən daxilolmalar üzrə vaxtı çatmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıqlar 01.01.2016-cı il tarixə 2068,5 min manat təşkil etmişdir ki, bunun 8,9%-ni kiçik dövlət müəssisə və obyektlərinin, icarəyə verilmiş qeyri-yaşayış sahələrinin, yarımçıq tikililərin və daşınar dövlət əmlakının özəlləşdirilməsindən, 9,9%-ni investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından, 10,5%-ni səhmdar cəmiyyətlərinə çevrilmiş dövlət müəssisələrinin (obyektlərinin) səhmlərinin pul hərraclarında satışından, 70,7%-ni özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından əldə edilən vəsaitlər üzrə qalıq məbləğləri təşkil etmişdir.

2015-ci ilin sonuna özəlləşdirmə prosesində yaradılmış və hazırda səhmləri bütövlükdə yaxud qismən dövlətə məxsus olan səhmdar cəmiyyətlərin sayı 196, bunlardan səhmlərinin tamamilə, nəzarət zərfinin və hər hansı məhdudlaşdırıcı hissəsinin dövlətdə saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinin sayı 16 olmaqla nizamnamə kapitalında dövlətə məxsus səhmlərin həcmi 69449,7 min manat, özəlləşdirilməsinə məhdudiyyətlər qoyulmamış və tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin sayı 180 olmaqla nizamnamə kapitalında dövlətə məxsus səhmlərin həcmi 7244,5 min manat təşkil etmişdir. Qeyd olunduğu kimi, özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud qismən dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən 2015-ci il ərzində ödənilən dividendlər 40,0 min manat təşkil etmişdir.

2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinin digər mənbəyi olaraq qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar 763000,0 min manat məbləğində nəzərdə tutulduğu halda 2015-ci ildə dövlət büdcəsinə bu mənbə üzrə heç bir vəsait daxil olmamışdır ki, əksinə 37601,3 min manat məbləğində vəsait borcun (istiqrazların geri qaytarılması) ödənilməsi məqsədilə dövlət büdcəsinin mədaxilinin azalması hesabına həyata keçirilmişdir.

2015-ci ildə dövlət istiqrazlarının yerləşdirilməsi həyata keçirilməmiş, eyni zamanda, ötən illərin borcu da nəzərə alınmaqla 2015-ci ildə buraxılmış istiqrazlar üzrə 84,1 milyon manat yaranmış borc məbləği geri qaytarılmışdır ki, bundan 77,5 milyon manat əsas borc, 6,6 milyon manat faiz borcu üzrə olmuşdur. Nəticə etibarı ilə 2015-ci ildə əvvəlki illərdə yerləşdirilmiş istiqrazlara ödənilmiş məbləğ 77,5 milyon manat təşkil etmişdir ki, bunun da 37,5 milyon manatı dövlət büdcəsinin mədaxilinin azalması hesabına olmuş, 40,0 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin əsas borc üzrə nəzərdə tutulmuş hissəsindən icra edilmişdir.

Qanunvericiliklə dövlət büdcəsi kəsirinin mənbəyi olaraq xarici qrantlar üzrə (Avropa Birliyinin qrantı kimi) 2012-ci ildə 13000,0 min manat nəzərdə tutulmuş, həmin məbləğdə vəsait daxil olmuş, bundan kəsirin bağlanmasına 12006,6 min manat yönəldilmişdir, 2013-cü ildə 10500,0 min manat, 2014-cü ildə 20000,0 min manat daxilolmalar nəzərdə tutulmuş, bu mənbə üzrə 2013-2014-cü illərdə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi aparılmamışdır. 2015-ci ildə bu mənbə üzrə 20000,0 min manat nəzərdə tutulmuş və əvvəlki illərdən olan daxilolmalar nəzərə alınmaqla bundan kəsirin bağlanmasına 14551,8 min manat yönəldilmişdir.

2015-ci il 01 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının faktiki qalığı 1728622,3 min manat təşkil etmiş, bundan kəsirin bağlanmasına 285531,3 min manat yönəldilmişdir.
Hesablama Palatası hesabatlılığın artırılması və şəffaflığın təmin edilməsi məqsədilə büdcə ilinin hər hansı təqvim gününə faktiki büdcə daxilolmalarının nəzərdə tutulduğundan artıq olması, kassa icrası xəzinədarlıq tərəfindən aparılan büdcədənkənar fondların və məqsədli hesabların (depozit və tapşırıq hesabları) qalıqlarının vahid xəzinə hesabında cəmləşdirilməsi hesabına yaranan qalıqların (sərbəst qalıq) müvafiq illər üzrə dövlət büdcəsi haqqında qanunlarının tələblərinə uyğun olaraq büdcə kəsirinin maliyyələşmə mənbəyi kimi qeyd olunduğunu və hesabat ilində xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan müsbət fərqin sərbəst qalığın tərkibində olmaqla yanaşı büdcənin gəlirlərinə aid edilməsini nəzərə alaraq sərbəst qalıqda olan vəsaitin büdcə kəsirinin bağlanılmasına yönəldilməsi təmin edildikdən sonra qalan vəsaitin növbəti büdcə ilinin gəlirlərinə aid edilməsini məqsədəuyğun hesab etmişdir.

Həmçinin "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu"na bərpa edilməsi üzrə daxilolmaların "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları"nın 2.6. bəndi ilə nəzərdə tutulduğu kimi, dövlət büdcəsinin gəlir və xərc hissələrində ayrıca göstərilməsi və Təminat Fondunun formalaşması mənbəyinə aid edilməsi, eyni zamanda, həmin Qaydaların 5.2.-ci bəndinə uyğun olaraq, Fondun vəsaitlərinin istifadəsi barədə məlumatların dövlət büdcəsinin icrasına dair illik hesabata daxil edilməsi təklif olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti